83 saylı Beyləqan seçki dairəsinin tərkibinə daxil olan 59 seçki məntəqəsində 54 min 564 seçici qeydə alınıb. Seçicilərdən 2354 nəfəri ilk dəfə səs verən gənclərdir, onlardan da 114-nün 18 yaşı bu il tamam olub. 80-100 yaşarası 954, həmçinin yaşı 100-dən çox olan 3 seçici qeydə alınıb. 21 saylı seçki məntəqəsində qeydə alınmış 108 yaşlı Muluxa İsmayılova rayonun ən yaşlı seçicisidir.
Bu barədə AZƏRTAC-ın bölgə müxbirinə 83 saylı Beyləqan seçki dairəsi dairə seçki komissiyasının sədri Zakir Vəlişov bildirib.
Komissiya sədrinin sözlərinə görə, dairə və məntəqə seçki komissiyalarında fevralın 7-də keçiriləcək prezident seçkilərinə hazırlıq işləri Mərkəzi Seçki Komissiyasının təsdiq etdiyi “Təqvim planı”na uyğun olaraq davam etdirilir. Seçkiyə hazırlıqla əlaqədar dairənin tərkibində olan 59 seçki məntəqəsinin hamısı zəruri texniki vasitə və metodiki vəsaitlərlə, elektrik enerjisi, rabitə şəbəkəsi və yanğın təhlükəsizliyi ilə təmin olunub, seçici siyahıları və məlumat lövhələri asılıb. Seçicilərin öz mövqelərini sərbəst şəkildə bildirmələri üçün kabinələr qoyulub. Seçkiqabağı təşviqat materiallarının lövhələrdə yerləşdirilməsi üçün müvafiq yerlər müəyyənləşdirilib.
“Təqvim planı”na uyğun olaraq hazırda seçicilərə səsvermənin keçirilmə tarixi, vaxtı və yeri (ünvanı) barədə bildirişlər paylanır, müşahidəçilərin qeydə alınması davam etdirilir. Bu günədək dairə seçki komissiyasında 228 müşahidəçi qeydiyyatdan keçib.