Yanvarın 19-da Azərbaycan Dövlət Pedaqoji Universitetində (ADPU) 20 Yanvar – Ümumxalq Hüzn Günü münasibətilə dəyirmi masa keçirilib.
Bu barədə AZƏRTAC-a universitetdən məlumat verilib.
Əvvəlcə Ümummilli Lider Heydər Əliyevin ali təhsil müəssisəsindəki abidəsinin və “Zəfər guşəsi”nin önünə gül dəstələri qoyulub, Ulu Öndərin və şəhidlərin xatirəsi ehtiramla yad edilib.
Anım tədbirində universitet rəhbərliyi, müvafiq struktur rəhbərləri, fakültə dekanları, professor-müəllim heyəti və tələbələr iştirak ediblər.
Tədbirdə Ümumi tarix və tarixin tədrisi texnologiyası kafedrasının baş müəllimi Taleh Cəfərov Qanlı Yanvar hadisələri haqqında ətraflı məlumat verərək baş verənlərin xalqımızın azadlıq mübarizəsi tarixində müstəsna əhəmiyyətə malik olduğunu qeyd edib.
ADPU-nun Beynəlxalq əlaqələr üzrə prorektorluğun nəzdində fəaliyyət göstərən Türkoloji Mərkəzin Türk tarixi bölməsinin müdiri Dəyanət Musayev 20 Yanvar hadisələrindən və sonrakı proseslər haqqında fikirlərini söyləyərək, hadisəyə düzgün siyasi qiymət verilməsində Ulu Öndər Heydər Əliyev faktorunun önəmini vurğulayıb.