16 saylı Yasamal ikinci seçki dairəsi 39 məntəqə və 49 minə yaxın seçicini əhatə edir. Hər gün məntəqələrdə yoxlama aparır, fevralın 7-də keçiriləcək növbədənkənar prezident seçkiləri gününə qədər hər hansı bir çatışmazlığın olub-olmamasını araşdırırıq. Dairəyə daxil olan məntəqələrin hər biri seçkilərə tam hazırdır. Məntəqələrin hər birində Seçki Məcəlləsinə uyğun olaraq bütün şərait yaradılıb. On məntəqədə
veb-kamera, sağlamlıq imkanları məhdud vətəndaşların qeydiyyatda olduğu məntəqələrdə isə panduslar quraşdırılıb. Yanvarın 17-dən etibarən isə 16 saylı Yasamal ikinci seçki dairəsinin dairə seçki komissiyasında məntəqə seçki komissiyalarının sədr, katib və üzvləri üçün treninqlərə başlanılıb. Bu gün təlimlərin son günüdür. Demək olar ki, məntəqə seçki komissiyalarının nümayəndələrinin hər biri treninqlərdə aktiv iştirak edib.
Bunu AZƏRTAC-a açıqlamasında 16 saylı Yasamal ikinci seçki dairəsinin dairə seçki komissiyasının katibi Şəlalə Səlimova deyib.
Qeyd edək ki, məntəqə seçki komissiyalarının nümayəndələrinin peşəkarlığının artırılmasına yönəlmiş treninqlər zamanı səsvermə günü məntəqə seçki komissiyaları üzvlərinin rol və vəzifələri, seçki günü prosedurları, səsvermə məntəqəsinin açılması, səsvermə prosesində müstəsna hallar, daşınan və daşınmaz seçki qutuları ilə səsvermə prosesi, səsvermənin nəticələri haqqında protokolun doldurulması və digər məsələlər barədə məlumat verilib.
16 saylı Yasamal ikinci seçki dairəsinə daxil olan məntəqələrin seçki komissiyalarının nümayəndələrinə Mərkəzi Seçki Komissiyası (MSK) tərəfindən təşkil edilən təlim kursunda iştirak etmiş Şəlalə Səlimova və Səkinə Ağayeva təlim keçib. Təlimçilər seçkinin ağır və məsuliyyətli proses olduğunu qeyd edib, seçkilərin şəffaf keçirilməsi üçün məntəqə seçki komissiyalarının hər bir üzvünü diqqətli olmağa səsləyiblər.
Qeyd edək ki, treninqlər 15 saylı Yasamal birinci və 17 saylı Yasamal üçüncü seçki dairələrinin dairə seçki komissiyalarında da təşkil olunub.