Kiyev Moskva ilə məhbus mübadiləsini davam etdirməkdə maraqlıdır və bu istiqamətdə işləməyə hazırdır. Bu barədə Rada telekanalının efirində Ukrayna Müdafiə Nazirliyinin Baş Kəşfiyyat İdarəsinin rəsmi nümayəndəsi Andrey Yusov bildirib.
“Bu mübadilələrin davam etməsini təmin etmək üçün nə qədər çətin olsa da, işləməyə davam edəcəyik. Amma bu, iki tərəfin iştirak etməli olduğu bir prosesdir. Ukrayna müdafiəçilərini qaytarmaqda maraqlıdır. Biz Rusları təhvil verə bilərik və verəcəyik”, – deyə o, İl-76 təyyarəsi ilə insidentdən sonra məhbus mübadiləsinin davam edib-etməyəcəyi ilə bağlı sualı cavablandırıb.
Bundan əvvəl Dövlət Dumasının Müdafiə Komitəsinin rəhbəri Andrey Kartapolov jurnalistlərə bildirib ki, Rusiya hərbi əsirlərinin Ukraynadan qaytarılması üzrə iş davam etdiriləcək. (Tass)