Ardıcıl beşinci gündür ki, kiçik bir qrup etirazçı girovların azad edilməsi tələbi ilə İsrailin Fələstin anklavı ilə sərhədindəki Kerem Şalom keçid məntəqəsində Qəzza zolağına humanitar yardım aparan yük maşınlarının keçidini əngəlləyib. Bu barədə “The Times of Israel” məlumat yayıb.
Nəşrin məlumatına görə, etirazçılar arasında Fələstinin radikal HƏMAS hərəkatının Qəzzada saxladığı girovların qohumları da var. Yedioth Ahronoth qəzetinin məlumatına görə , İsrail hüquq-mühafizə orqanları nəzarət-buraxılış məntəqəsinin bağlanmasının qarşısını almağa çalışıblar, buna görə də humanitar yardım daşıyan bir neçə yük maşını anklav ərazisinə daxil olub. Daha sonra etirazçılar yenidən Kerem Şalomun qarşısını kəsiblər.
Yanvarın 24-də nümayişçilər 100-ə yaxın yük maşınının Qəzzaya daxil olmasına mane olublar. Maşınların bəziləri sonda Misirlə anklav arasındakı keçid məntəqəsinə yönləndirilib. (Tass)