Tərəvəzçilik Elmi Tədqiqat İnstitutu Publik hüquqi şəxsi tərəvəzçilik, bostançılıq və kartofçuluq istiqamətində elmi tədqiqat və istehsalat işləri həyata keçirir. Bu il də fəaliyyət planımıza uyğun olaraq, bu üç istiqamət üzrə geniş seleksiya və toxumçuluq işlərini davam etdirəcəyik.
Bunu AZƏRTAC-a açıqlamasında Tərəvəzçilik Elmi Tədqiqat İnstitutu Publik hüquqi şəxsin İdarə Heyətinin sədri Elmar Allahverdiyev deyib.
O bildirib ki, bu il yeni sortların seleksiyası və onların sort sınağına təqdim olunması da həyata keçiriləcək. Laboratoriyalarda elmi-tədqiqat işləri daha sürətli aparılacaq, yeni bitki növləri seleksiyaya cəlb olunacaq. “Həmçinin bölgələrimizdəki stansiyalarımızda toxumçuluq işləri, yeni bitki növlərinin və sortlarının yerli şəraitə adaptasiyasının yoxlanılması daha geniş miqyasda həyata keçiriləcək”, – deyə E.Allahverdiyev qeyd edib.