Kənd təsərrüfatı nazirinin müavini Sarvan Cəfərov yanvarın 30-da Astara Dövlət Aqrar İnkişaf Mərkəzinin inzibati binasında Astara və Neftçala rayonlarından olan vətəndaşları qəbul edib, onların müraciətlərini dinləyib, ərizə və şikayətlərinə baxıb.
Nazirliyin İctimaiyyətlə əlaqələr və informasiya təminatı şöbəsindən AZƏRTAC-a bildirilib ki, qəbulda vətəndaşların müraciətləri əsasən işlə təmin edilmə, məhsul subsidiyasının alınması, torpağın təyinatının dəyişdirilməsi və digər məsələlərlə bağlı olub.
Nazir müavini Sarvan Cəfərov hər bir vətəndaşın müraciətini diqqətlə dinləyib, qaldırılan məsələlərin hərtərəfli öyrənilməsi və qanunvericiliyin tələblərinə uyğun qısa müddətdə həll edilməsi üçün müvafiq tapşırıqlar verib. Vətəndaşların müraciətlərinin bir qismi yerindəcə həllini tapıb, qaldırılan bəzi məsələlər isə araşdırılması üçün nəzarətə götürülüb.
Sarvan Cəfərov vətəndaşlarla görüş zamanı kənd təsərrüfatının inkişafı ilə bağlı imzalanan sərəncamların kənd təsərrüfatı istehsalçılarının rifah halının yaxşılaşdırılmasına və ölkəmizdə bu sahənin inkişafına təkan verəcəyini vurğulayıb.
Qəbula gələn vətəndaşlar göstərilən diqqət və qayğıya görə minnətdarlıqlarını bildiriblər.
Vətəndaş qəbulu başa çatdıqdan sonra Sarvan Cəfərov Astara Dövlət Aqrar İnkişaf Mərkəzinin kollektivi ilə görüşüb, iş prosesinin təşkili ilə maraqlanıb.