Bu sözləri AZƏRTAC-a müsahibəsində UNEC İnklüziv Təhsil Mərkəzinin mütəxəssisi Aysel Qaragözova deyib.
Mütəxəssis mərkəzin nəzdində 200-dən çox tələbə olduğunu qeyd edib. Eyni zamanda, hələ də müəyyən stiqmaları qıra bilməyən tələbələrin Mərkəzə yaxınlaşmaqda ehtiyat etdiklərini də diqqətə çatdırıb.
“Bizim mərkəz və universitet olaraq əsas məqsədimiz tələbələrimizin tədris keyfiyyətlərinin daim artırılmasından ibarətdir. Bu istiqamətdə onların daha əlverişli dərs mühitində tədris alması üçün universitetin müəllim və əməkdaşları vaxtaşırı təlimlərə cəlb olunur. Tələbələrlə düzgün və daha adekvat davranış tərzi, onlarda olan utancaqlığın aradan qaldırılmasına yönəlmiş yanaşma, hətta lazım gələrsə, ilk yardım müdaxiləsi kimi müvafiq tədbirlərin görülməsi təlimlərimizin əsas mövzu və məqsədlərindəndir. UNEC İnklüziv Təhsil Mərkəzində müxtəlif diaqnoz (görmə və eşitmə məhdudiyyəti, uşaq serebral iflic, asberger autizmi, epidermoliz, brüselloz, psixoz və s.) və əlillik dərəcəsi olan tələbələr var. Onların dərs prosesləri adi qaydada bütün qruplarla birgə aparılır. Bəzi xüsusi hallarda imtahan proseslərində tələbələrin həyəcan və stres keçirməmələri üçün onların imtahanları mərkəzimizdə həyata keçirilir. Qeyri-dərs və imtahan vaxtlarında isə mərkəzimiz tələbələrimizin bir növ istirahət evinə çevrilir. Onlar burada özlərini rahat hiss edirlər”, – deyə A. Qaragözova qeyd edib.
A.Qaragözova təmsil etdiyi mərkəzin ölkə səviyyəsində bir çox əhəmiyyətli qurum və universitetlərlə (DOST İnklüziv İnkişaf və Yaradıcılıq Mərkəzi, KOBİA, müxtəlif ictimai birliklər, Mədəniyyət və İncəsənət Universiteti, Xəzər Universiteti və s.) əməkdaşlıq əlaqələrinin olduğunu vurğulayıb. O bildirib ki, UNEC-də təhsil alan əlilliyi olan tələbələr ödənişsiz şəkildə müxtəlif sahələr üzrə təlimlərdə iştirak edir, keçirilən tədbirlərin daha əhatəli və səmərəli olması üçün qarşılıqlı təcrübədən yararlanır, universitetimizin müəllim heyətinin yenə də ödənişsiz əsaslarla inklüziv (həssas qrupa aid olan) cəmiyyət üzvlərinə (əlilliyi olan şəxslər, şəhid ailələrinin nümayəndələri, qazilər, aztəminatlı ailələrin övladları və s.) müxtəlif fənlər üzrə təlimlər verir.
Mütəxəssis, eyni zamanda, mərkəzin ictimaiyyətə açıq şəkildə fəaliyyət göstərdiyini, ölkədə fəaliyyət göstərən televiziyalarda və radiolarda inklüziv mədəniyyət mövzularında mərkəzin rəhbər və əməkdaşlarının fəal çıxışlar etdiyini, həmçinin universitetə məxsus radio verilişlərində həftəlik olaraq maraqlı mövzularla bağlı diskussiya şəklində verilişlər hazırlanıldığını vurğulayıb. Eyni zamanda, ictimai birliklərlə olan fəaliyyətimiz çərçivəsində il ərzində bir neçə dəfə UNEC-in bütün tədris binalarında əlilliyi olan şəxslərin əl işlərinin sərgi və satışı həyata keçirilir.
“UNEC İnklüziv Təhsil Mərkəzi ölkədə inklüziv mədəniyyətin formalaşmasında yaradılan ilk universitet mərkəzlərindən biri olsa da, hazırda mərkəzimizin zəngin təcrübə və biliklərindən yararlanaraq bir çox universitetlərdə eyniadlı tədris mərkəzləri fəaliyyətə başlayıb. Təbii ki, bu cəmiyyətimiz üçün çox sevindirici bir haldır. İnklüziv təhsil sosial sferada olan mövcud durumumuzu daha yaxşı səviyyəyə gətirmək prioritet hesab edilən sahələrdəndir. Düşünürük ki, sosial xidmətlər sferasında fəaliyyət göstərən hər bir qurum öz növbəsində qarşılıqlı şəkildə zəngin bilik, təcrübə və bacarıqlarını mübadilə edərək bu sahədə böyük bir klasterin yaranmasına səbəbiyyət verə bilər. Davamlı və dayanıqlı inkişafın əsas dayağı birlik olmağı bacara bilməkdir ki, bu da bizim xalqımızda özünü çox gözəl şəkildə büruzə verir”, – deyə A.Qaragözova bildirib.