ABŞ dövlət katibi Antoni Blinken Fələstin-İsrail münaqişəsinin qızışmasından sonra 4-8 fevral tarixlərində 5-ci dəfə Yaxın Şərqə səfər edəcək. Bu barədə Dövlət Departamentinin mətbuat xidmətinin yaydığı məlumatda deyilir.
Sənəddən məlum olduğu kimi, Blinken Səudiyyə Ərəbistanı, Misir, Qətər, İsrail, eləcə də İordan çayının qərb sahilinə səfər edəcək. Bəyanatda vurğulanır ki, ABŞ dövlət katibi Fələstinin radikal HƏMAS hərəkatı tərəfindən saxlanılan “bütün girovların azad edilməsini təmin edəcək razılaşma əldə etmək üçün diplomatik səyləri davam etdirmək” və həmçinin döyüşlərdə humanitar fasilə yaratmaq niyyətindədir.
Blinken “münaqişənin böyüməsinin qarşısını almaq” üçün fəaliyyətini davam etdirəcək və həmçinin ABŞ-ın “hərbi personalımızı qorumaq və Qırmızı dənizdə naviqasiya azadlığını təmin etmək” öhdəliyini bir daha təsdiq edəcək”, – deyə məlumatda bildirilir. Dövlət katibi həmçinin ABŞ tərəfdaşları ilə Yaxın Şərqdə, xüsusilə də israillilər və fələstinlilər üçün təhlükəsizlik məsələlərini müzakirə edəcək. (Tass)