AZƏRTAC beynəlxalq müsabiqələr laureatları olmuş Azərbaycanın gənc istedadlı musiqiçiləri barədə məqalələr silsiləsini davam etdirir.
Növbəti həmsöhbətimiz Bülbül adına orta ixtisas musiqi məktəbinin 11-ci sinif şagirdi, skripka ifaçısı, beynəlxalq müsabiqələrin iştirakçısı və laureatı Səidə Əhmədovadır.
Səidə Bülbül adına musiqi məktəbində birinci sinifdən oxuyur. O, Azərbaycanın Əməkdar müəllimi İlhamə Ağayevanın şagirdidir. Təəssüf ki, İlhamə xanım söhbətimizdə iştirak edə bilməyib, lakin onun həmkarı, skripka müəllimi Qəmər Dadaşova böyük məmnuniyyətlə mükaliməmizə qoşuldu.
“İlhamə xanım hazırda Azərbaycanı xaricdə təmsil edən bir çox gözəl musiqiçilər yetişdirib. O, mənim qızıma da dərs deyir. O, bizim hamımızın müəllimidir, – deyə Qəmər xanım bəhs edir. – Səidə çox istedadlı musiqiçidir! Onun ifası tamaşaçıları valeh edir. O, əsası İlhamə xanım tərəfindən qoyulan ənənələri layiqincə davam etdirir”.
2021-ci ildə Səidə Avstriyada keçirilən “Worldvision” müsabiqəsində iştirak edib.
“Bu, çox ciddi, çoxmərhələli beynəlxalq müsabiqədir. Mən bu müsabiqənin finalına yüksəldim”, – deyə istedadlı skripka ifaçısı bəhs edir. – Mən Paqanininin “Kampanella” və Mosartın “Konsert №5” əsərlərini ifa etdim. Həmin konserti bu yaxınlarda filarmoniyada Azərbaycan Simfonik Orkestri ilə birgə də ifa etmişəm”.
Səidə deyir ki, istər konsert, istərsə də müsabiqə olsun, adətən çıxışlardan öncə həyəcan keçirir, lakin hesab edir ki, bu, təbiidir.
“Həyəcan olmadan, hisslər ola biləcəyi qədər səmimi deyil. Buna görə də həyəcan çox vacibdir. Hər çıxışımda mən tamaşaçıya və dinləyiciyə bu əsərlə nə demək istədiyimi maksimal dərəcədə çatdırmağa çalışıram. Sadəcə onu ifa edərək deyil, həm də hansısa hekayəmi, assosiasiyalarımı ötürərək”, – deyə Səidə bildirir.
Söhbətdə skripka ifaçısının anası Siyana xanım da iştirak edib.
“O, çox dərindüşüncəlidir, olduqca emosionaldır və onun keçirdiyi bütün bu emosiyaları, Stanislavskinin dediyi kimi, daxilindən xaricə – tamaşaçıya ötürür, bunu bacarır”, -deyə Siyana xanım əlavə edib.
Səidə deyir ki, müsabiqələrdə iştirak və konsertlərdə çıxış etmək çox xoşuna gəlir. Lakin onun üçün müsabiqə ilə konsert arasında müəyyən fərq var.
“Konsert mənim üçün həmişə bayramdır, mən ona hansısa bir təntənəli şənlik kimi yanaşıram. Müsabiqələr isə daha çox məsuliyyət, ciddilik tələb edir, orada məktəbini, məharətini nümayiş etdirmək lazımdır”.
Səidə danışır ki, müsabiqələrdə iştirakçılar arasında çox səmimi münasibətlər olur.
“Biz səhnədə əlbəttə ki, rəqibik, lakin öz aramızda ünsiyyət qururduq və hətta dostluq edirdik”, – deyə skripka ifaçısı vurğulayır.
Səidə gələcəkdə solist olmaq istəyir və orkestr dirijoru xəyalı ilə yaşayır.
Qəmər Dadaşova hesab edir ki, əsas olan, gənc musiqiçilərin musiqi ilə yaşamasıdır.
“Musiqi həyatlarının tərkib hissəsi olmalı, harasa gedəndə qulaqcıqla musiqi dinləməlidirlər. Onlar musiqini sevməli və musiqiçi olmaq ideyası ilə yaşamalıdırlar. Bunun üçün çox çalışmaq və məşğul olduğun peşəni sevmək lazımdır”, – deyə müəllim qeyd edir.