Ermənistan NATO ilə alyansa daxil olmaq imkanını müzakirə etməyib və müzakirə etmir. Bunu baş nazir Nikol Paşinyan “The Daily Telegraph” a müsahibəsində deyib.
“Bu, bizim müzakirə etdiyimiz və ya müzakirə edəcəyimiz məsələ deyil”, – deyə o bildirib və əlavə edib ki, KTMT-də üzvlüyün saxlanılması məsələsi mübahisəli sayıla bilər. “Ermənistanda [müdafiə] alyanslara üzvlük strategiyasının Ermənistanın uzunmüddətli maraqlarına uyğun olub-olmaması və nə dərəcədə uyğun olması ilə bağlı müəyyən müzakirələr gedir”, – Paşinyan əlavə edib.
Nəşrlə söhbətində Paşinyan xatırladıb ki, hələ 2022-ci ilin əvvəlində CNN-ə müsahibəsində o, Ukraynadakı vəziyyətə gəldikdə Ermənistanın “Rusiyanın müttəfiqi olmadığını” vurğulayıb.
“Bu, əslində reallıqdır. Bununla belə, onu da vurğulamaq istəyirəm ki, bizim ABŞ, Fransa və ya digər tərəfdaşlarla təhlükəsizlik sahəsində əməkdaşlığımız bu sahədə digər tərəfdaşımıza qarşı yönəlməyib”, – baş nazir bildirib. “Bəzi tərəfdaşlarımız başqaları ilə münasibətlərimiz və ya bu əlaqələrin onların təhlükəsizlik gündəminə necə təsir edə biləcəyi ilə bağlı narahatlıqları ola bilər” deyib.
Onun sözlərinə görə, İrəvan bütün tərəfdaşlarla “ümumi gündəmi mümkün qədər şəffaf şəkildə müzakirə etməklə bununla bağlı problemləri həll etməyə çalışır”. (Tass)