Teatr əvəzsiz sənət məbədidir. Aktyorlar isə həmin sənət ocağında müxtəlif personajlara həyat verərək tamaşaçıların hisslərinin təzahür formasını yaradan sənətçilərdir. Dahi ingilis şairi və dramaturqu Uilyam Şekspirin də dediyi kimi: “Teatr insanı insana bağlamaq, insanla insanca danışmaq sənətidir”. Bu sənətin vurğunları, aktyorlar tarixən çətinliklərlə üzləşiblər. Ta keçmişdə kino və teatrlara qadın aktrisaların çəkilməsi əksəriyyət tərəfindən mənfi hal kimi dəyərləndirilib. Bütün bu çətinliklərin öhdəsindən gəlib, sevdasından vaz keçməyənlər isə bu məşəqqətli yolda qələbə çalanlardır. Belə qaliblərdən biri də Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrının aktrisası, Xalq artisti Naibə Allahverdiyevadır. Tanınmış aktrisanın AZƏRTAC-a müsahibəsini təqdim edirik.
– Tamaşaçılar qarşısına ilk dəfə “O da mənəm, bu da” tamaşası ilə çıxmısınız…
– Bəli, ilk dəfə teatra aktrisa kimi qəbul olmamışam. Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetini bitirən kimi birbaşa Naxçıvan Dövlət Musiqili-Dram Teatrına ezam olundum. Burada bir müddət administrator köməkçisi kimi fəaliyyət göstərdikdən sonra görkəmli aktyor Ağaxan Salmanlı mənim istedadımın olduğunu söylədi. Beləliklə, “O da mənəm, bu da” tamaşasında ilk rolumu oynadım və səhnə fəaliyyətim beləcə başladı…
– Teatr, yoxsa kino sizin üçün daha doğmadır?
– Təbii ki, teatr. Çünki teatr mədəniyyət ocağıdır və o, çox qədim tarixə malikdir. Daha aydın desək, sənət məbədidir. Bu məbədin cəmiyyətdə əvəzsiz rolu var. Ona görə ki, bu sənət sahəsində əşya belə canlanır. Eyni zamanda, tamaşaçılarla aktyorlar bir-birləri ilə canlı vəhdətdə olurlar. Aktyorların duyğu və düşüncələri dərhal onlara da sirayət edir. Bəzən həyatı dərk etmək üçün ikinci baxış bucağı da gərək olur. Teatr, eyni zamanda, cəmiyyətin psixologiyasına xitab etməyin ən asan və təsirli yoludur. İnsanların özünü anladığı, dərk etdiyi bir məkandır. Onlar tamaşalara baxıb, öz həyatlarında baş verən, canlanan səhnələrin şahidi olurlar. Bəhs etdiyim xüsusiyyətlər çətin olduğu qədər də ecazkardır. Kino isə daha çox texniki sənətdir.
– Məcburiyyət qarşısında qalaraq oynadığınız rol olubmu?
– Mən rollar arasında seçim etməyin tərəfdarı deyiləm. Düşünürəm ki, aktyor hər bir obraza yeni ruh verməyi bacarmalıdır. Amma elə obrazlar var ki, onları könülsüz şəkildə oynamağa məcbur olmuşam.
– “Yarımştat” televiziya-tamaşası sizə böyük şöhrət gətirib. Bu televiziya-tamaşasında ən yaddaqalan hadisə nə olub?
– Tamaşanın rejissoru Şərif Qurbanəliyev mənə bu rolu təklif edəndə təəccübləndim. Düşündüm ki, mətnin sözləri çox azdır. Çəkiliş meydançasına çatanda isə görkəmli aktyorlarımızı görüb həyəcanlandım. Öz-özümə fikirləşdim ki, nə yaxşı mən də bu layihədə yer alıram. Onlarla bir səhnəni bölüşmək mənim üçün böyük şərəf idi. Günlərlə bu kiçik obrazın üzərində canla-başla çalışdım. Tərəf müqabilim Xalq artisti Yaşar Nuri çəkilişlər zamanı həyəcanımı azaltmaq üçün hərdən mənimlə zarafatlaşırdı da. Gözəl günlər idi.
– “Mənim ağ şəhərim” filmində də tanınmış aktyorlarla oynamısınız…
– Bu filmdə rolum epizodik olub. Dəyərli aktrisamız Kübra Əliyevanın qızını oynayırdım. “Mənim ağ şəhərim”də Səyavuş Aslan, Rafael Dadaşov, Yaşar Nuri, Kübra Əliyeva kimi görkəmli sənətkarlarla bir arada yer aldım. Onların iş prosesləri ilə yaxından tanış oldum.
– Ssenari oxuyarkən ən çox nəyə diqqət yetirirsiniz? Dialoqlar, monoloqlar, yoxsa personajlar?
– Təbii ki, ilk növbədə ssenarinin mövzusu önəm daşıyır. Həmçinin canlandırdığım obrazın xarakterinin zənginliyi də vacibdir. Əsas şərt izləyiciyə həmin duyğuları ötürməkdir. Əgər ssenaridə ideya və ana xətt yoxdursa, yaxşı bir işdən söhbət gedə bilməz.
– Gənc aktyorların fəaliyyəti barədə də fikirləriniz maraqlı olardı.
– Aktyorlar digər sənət sahibləri ilə müqayisədə daha zəhmətkeşdirlər. Deyə bilərəm ki, buna səbəb onların teatra vurğun olmalarıdır. Aktyorların çoxu maddi cəhətə görə yox, öz mənəvi dünyalarını doldurmaq üçün bu sənəti seçirlər. İstedadlı aktyorların sayı daha da çoxalıb.
– Gələcək planlarınızdan söhbət açmağınızı da istərdik.
– Çalışdığım Gənc Tamaşaçılar Teatrında bu ilin martında yubileyim ilə əlaqədar tədbir keçiriləcək. Əməkdar artist Nicat Kazımovun rejissorluğu ilə qurulan tamaşada bu zamana kimi arzusunda olduğum, lakin canlandırmaq imkanımın olmadığı rolları ifa edəcəyəm. Tamaşada klassik əsərlərdən seçilmiş hissələr təqdim olunacaq. Obrazlar arasında 15 yaşlı qız da var, 60 yaşında qadın da. Yubileyimin bu şəkildə keçirilməsi həm də yaradıcı yanaşmadan irəli gəlir. Bir az həyəcanlıyam. Ümid edirəm ki, tamaşaçılar tərəfindən maraqla qarşılanacaq və seviləcək… Azərtac