Bu fikirləri AZƏRTAC-a açıqlamasında Beynəlxalq Münasibətlər və Diplomatiya Araşdırmaları Mərkəzinin rəhbəri, politoloq Samir Hümbətov söyləyib.
Politoloq təxribatı Ermənistan tərəfinin törətməsinə baxmayaraq, Avropa İttifaqının (Aİ) xarici əlaqələr və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi Cozep Borrelin bu ölkənin xarici işlər naziri Ararat Mirzoyan ilə birgə mətbuat konfransı zamanı ölkəmiz əleyhinə səsləndirdiyi fikirlərin hadisə barədə həqiqəti əks etdirmədiyini və qəbuledilməz olduğunu vurğulayıb. O deyib: “Azərbaycanın haqlı olmasına baxmayaraq, Aİ-nin məsələyə qərəzsiz yanaşması onun vasitəçilik mövqeyini sual altında qoyur. Amma istər Avropa İttifaqı, istərsə də digər dairələr Azərbaycanın öz təhlükəsizliyini qorumaq səlahiyyətlərinin olduğunu unutmamalıdır”.
S.Hümbətovun sözlərinə görə, Avropa İttifaqı bilərəkdən bu günə qədər Ermənistanın bütün təxribatlarını ört-basdır edib və görməzdən gəlib. İstər 30 illik işğal dövründə, istərsə də sonrakı hadisələrdə Aİ-dən Ermənistanın cinayətlərinə qarşı lazımi qiymət verilmədi, bəzi qərarlar qəbul edilsə də, yerinə yetirilmədi. Bu da onu deməyə əsas verir ki, qanunsuz əməlləri rəsmi İrəvana güzəştə gedilib. O zaman sual yaranır: “Avropadakı demokratiya, insan haqlarının qorunması, sərhədlərin toxunulmazlığı prinsipi haradadır? Ermənistanın təxribatını sübut edən videogörüntülər olsa da, bu kimi faktlara niyə reaksiya verilmir? Demək, ölkəmizlə bağlı bu yanaşma Avropa İttifaqının Cənubi Qafqazdakı maraqlarından və təşkilatın ölkəmizə qarşı anti-Azərbaycan mövqeyindən irəli gəlir. Qərbin Ermənistana verdiyi dəstəyin də arxasında erməni lobbisinin olması heç kimə sirr deyil.
“Avropa İttifaqı şərti sərhədin Ermənistan tərəfinə mülki missiya adı altında keçmiş hərbçilərini göndərməsi və bunu qanuniləşdirməsi heç bir beynəlxalq hüquqa əsaslanmır. Bundan əlavə, bir tərəfdən Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişel dövlətimizin başçısından xahiş edir ki, sülh müqaviləsi müzakirələrində vasitəçilik etməyə hazırıq, digər tərəfdən də Cozef Borelin təxribatçı fikirləri, anti-Azərbaycan mövqeyi – bütün bunlar bir-birinə zidd davranışlardır. Ona görə də biz Aİ-dən bu davranışın səbəbini soruşmalıyıq”, – deyə S.Hümbətov vurğulayıb.