Bakı Dövlət Universitetinin (BDU) Fizika Problemləri Elmi-Tədqiqat İnstitutunda “Yaşıl hidrogen və məsaməli silisium” mövzusunda elmi seminar keçirilib.
İnstitutdan AZƏRTAC-a bildirilib ki, Kondensə olunmuş hal fizikası şöbəsinin müdiri Fərhad Rüstəmov mövzu ilə bağlı məruzə edib. Məruzədə hidrogen qazının metan və ya təbii qazın buxar konversiyası, kömürün qazlaşdırılması, suyun elektrolizi, piroliz, qismən oksidləşmə və biotexnologiya kimi alınma üsulları təhlil edilib. Onun kimya, neft emalı, qida sənayelərində, metallurgiya, energetika və nəqliyyatdakı tətbiq sahələri araşdırılıb. Yaşıl hidrogen, mavi hidrogen, boz hidrogen və qara hidrogen terminlərindən, hidrogen qazının alınma üsulundan və bu proses zamanı atmosferi nə dərəcədə çirkləndirməsindən asılı olması vurğulanıb.
Seminarda məsaməli silisiumun su ilə qarışığından hidrogen qazının alınması üsulu təhlil olunub və bu sahədə aparılan elmi tədqiqat işləri, praktikada tətbiq perspektivləri müzakirə edilib.
Sonra məruzəçi mövzu ilə bağlı sualları cavablandırıb.