Fevralın 14-də Prezident İlham Əliyev andiçmə mərasimində gənclərimizin milli ruhda, ənənəvi dəyərlər əsasında tərbiyə edilməsinin dövlət və ailə qarşısında duran əsas vəzifələrdən biri olduğunu, eyni zamanda, ailə tərbiyəsinin hər bir gəncin gələcək inkişafında mühüm rola malik olması ilə bağlı çox mühüm fikirlər səsləndirdi. Dövlətimizin başçısı, həmçinin Azərbaycan ailəsinin milli dəyərlərə sadiq olduğunu, bu dəyərlərin cəmiyyətimizin əsasını təşkil etdiyini və bunu möhkəmləndirməyin bizim əlimizdə olduğunu diqqətə çatdırdı. Gənclərin təlim-tərbiyəsi məsələsində vətəndaş cəmiyyəti institutlarının, eləcə də cəmiyyətimizin həmrəyliyi vacib amillərdən biridir. Biz bu məqamda Azərbaycan ailəsinin bütöv olduğunu xüsusilə qeyd etməliyik. Eyni zamanda, bildirməliyəm ki, konstitusion vəzifələrdən irəli gələrək uşaqların yetişdirilməsi, milli-mənəvi ruhda tərbiyə edilməsi təkcə valideynlərin öhdəliyində olan məsələ deyil. Bu, bizim ailə modelimizin tərkib hissəsidir. Çünki Azərbaycanın çox gözəl milli-mənəvi adət-ənənələri var. Bu ənənələrdən irəli gələrək formalaşan uşağın təlim-tərbiyəsi əvvəlcə məktəbəqədər təhsil müəssisəsində, daha sonra orta məktəbdə və təhsilin növbəti pillələrində də davam etdirilir.
Bu fikirləri AZƏRTAC-a açıqlamasında “Vətəndaş” Tədqiqat və İnkişaf İctimai Birliyinin sədri Günel Səfərova söyləyib.
O, məktəbin yalnız təhsil vermədiyini, eyni zamanda, hər bir uşağın fəal vətəndaş kimi yetişməsində önəmli rol oynadığını diqqətə çatdıraraq deyib: “İbtidai siniflərdə həyat bilgisi və təbiət dərsliklərində insanı formalaşdıran amillər haqqında kifayət qədər məlumat var. Bu məlumatların bundan sonra daha da zənginləşdirilməsinə ehtiyac yaranıb. Çünki Azərbaycan geosiyasi baxımından çox həssas regionda yerləşir. Torpaqlarımız işğaldan azad edilsə də, yenə ayrı-ayrı Qərb ölkələri və təşkilatları azərbaycanofobiya siyasətini davam etdirir. Məlumdur ki, müxtəlif ölkələr və təşkilatlar tərəfindən ölkəmizə qarşı qərəzli fikirlər davamlı olaraq səsləndirilir və bu iş, eyni zamanda, əməli olaraq həyata keçirilir. Bir müddət əvvəl ölkəmizdə fəaliyyət göstərən Fransanın agentura şəbəkəsinin üzvləri ifşa olunmuşdu. Həmçinin Avropa İttifaqının Ermənistan-Azərbaycan dövlət sərhədində müşahidə missiyasının üzvlərinin “binokl diplomatiyası” həyata keçirmələri də artıq Xarici İşlər Nazirliyi tərəfindən rəsmi şəkildə bəyan edilib. Ona görə də bütün bu amilləri nəzərə alaraq gənclərin milli-mənəvi ruhda böyüdülməsinə diqqəti daha çox artırmalıyıq.
QHT sədri vətəndaş cəmiyyəti institutlarının fəaliyyətinin düzgün istiqamətdə formalaşdırılmasının da önəminə toxunub. O deyib ki, vətənpərvərlik anlayışının geniş şəkildə təbliği ilə yanaşı, fəal və həmrəy olmağımız, milli məsələlərdə birlik nümayiş etdirməyimiz vacibdir. Bu mövzuda yazılmış əsərləri, tariximizin şanlı səhifələrini uşaqlara nümunə kimi tədris etməliyik. Bizim İkinci Qarabağ müharibəsində qazandığımız uğurlar həm də milli-mənəvi tərbiyəmizin nəticəsi idi. Bu ənənəni davam etdirmək lazımdır. Prezidentin də vurğuladığı kimi, “hər hansı bir kənar qüvvə öz çirkin niyyətlərinə çatsa, o zaman bizim ciddi problemlərimiz olacaq. Ona görə də gənclərimizin milli ruhda, ənənəvi dəyərlər əsasında tərbiyə edilməsi vəzifəsi dövlətin və hər bir ailənin qarşısında durmalıdır”.
“Biz fəal vətəndaş olaraq torpağımızı qorumaqla yanaşı, dövlətimizin maraqlarını da hər müstəvidə müdafiə etməliyik. Həm ölkə daxilində, həm də ölkədən kənarda təhsil alan tələbələrimiz, xaricdə yaşayan həmvətənlərimiz, eyni zamanda, diaspor fəaliyyəti ilə məşğul olan şəxslər milli kimlik məsələsini daim ön planda tutmalıdırlar. Milli kimliyimiz hər zaman dövlət maraqlarımıza xidmət etməlidir. Fevralın 7-də keçirilən növbədənkənar prezident seçkilərində gənclərimiz fəallıq nümayiş etdirdilər. Seçkiləri müşahidə edən beynəlxalq təşkilatların nümayəndələri də bu reallığı xüsusilə diqqətə çatdırdılar. Bu, bir daha onu göstərir ki, toplum olaraq milli və dövlət maraqlarımızı kənar qüvvələrə heç vaxt qurban vermərik. Xüsusilə də vətəndaş cəmiyyəti institutları həm müharibə dövründə, həm də torpaqlarımız işğaldan azad edildikdən sonra bu istiqamətdə fəal iş aparırlar. Artıq görülən işlərdə kəmiyyətdən daha çox keyfiyyət məsələsinə diqqət yetirilir. Biz vətəndaş cəmiyyəti institutları olaraq işimizi Qarabağın inkişafı, Azərbaycan reallıqlarının beynəlxalq arenaya çatdırılması istiqamətində qurmalıyıq. Yeni reallıq isə ondan ibarətdir ki, artıq Azərbaycan ərazisinin bütövlüyünə nail olub. Biz də Qarabağın inkişafı ilə bağlı yeni layihələr təqdim etməliyik. Həmçinin vətəndaş cəmiyyəti institutlarının fəaliyyətinə qarşı yönəlmiş hər hansı təsirləri minimuma endirməli, mövcud geosiyasətin çalarlarını öz fəaliyyətimizlə uzlaşdırmalıyıq”, – deyə QHT sədri vurğulayıb.