Braziliya BMT-nin Yaxın Şərqdəki Fələstinli Qaçqınlara Yardım və İşlər üzrə Agentliyinə (UNRWA) yeni vəsait ayıracaq, baxmayaraq ki, bəzi ölkələr təşkilatın maliyyələşdirilməsini dayandırmaq qərarına gəliblər. Agência Brasil bu barədə Braziliya prezidenti Luiz İnasiu Lula da Silvaya istinadən məlumat yayıb.
“Fələstin xalqının dəstəyə ən çox ehtiyacı olduğu bir vaxtda zəngin ölkələr humanitar yardımı azaltmağa qərar verir. İordaniya, Suriya və Livandakı fələstinli qaçqınlar dolanışıqsız qalacaqlar. Bu qeyri-insanilik və qorxaqlıq başa çatmalıdır”, – prezident qeyd edib.
Lula da Silva digər donor ölkələri UNRWA-nın maliyyələşdirilməsini yeniləməyə və artırmağa çağırıb. Prezident Braziliyanın UNRWA-ya ayıracağı dəqiq məbləği açıqlamayıb. (Tass)