İsraildə minlərlə insan baş nazir Benyamin Netanyahu hökumətinin istefası və erkən seçkilərin keçirilməsi tələbi ilə etiraz aksiyaları keçirib.
Minlərlə nümayişçi İsrailin paytaxtı Təl-Əvivdə Eliezer Kaplan küçəsində Müdafiə Nazirliyinin binası qarşısında toplaşıb. Onlar hökuməti tənqid edən plakatlar və bannerlər götürüblər.
Nümayişçilər səsucaldanlardan Netanyahu hökumətinə qarşı şüarlar səsləndiriblər.
İsrail polisi nümayişçilərin yola girməsinin qarşısını almaq üçün səkiyə dəmir baryerlər qoyub. İştirakçıların sayı artdıqca, İsrail polisi dəmir baryerləri aradan qaldırmalı olub. Nümayişçilər Tel-Əvivin mərkəzində, Müdafiə Nazirliyinin qarşısındakı Eliezer Kaplan küçəsini bağlayıblar.
Nümayişdə iştirak edən Nilli Elezra Netanyahu hökumətinin “çox pis iş gördüyünü” bəyan edərək, indi istefa verməli olduğunu bildirib.