Rusiyanın təşəbbüsü ilə fevralın sonunda Moskvada keçiriləcək Fələstinlərarası görüş Fələstin HƏMAS hərəkatının İordan çayının qərb sahilində Fələstin hakimiyyəti ilə əməkdaşlıq etmək və Fələstin çərçivəsində hərəkət etmək niyyətində nə qədər ciddi olduğunu göstərəcək. Bu fikri Münhen Təhlükəsizlik Konfransında çıxış edən Fələstinin Baş naziri Məhəmməd Ştayye deyib.
“Fevralın sonunda Moskvada Fələstinlərarası görüş keçiriləcək və orada bütün Fələstin fraksiyaları iştirak edəcək”, – Ştayye qeyd edib. Rusiyanın dəvəti ilə HƏMAS nümayəndələrinin də orada iştirak edəcəyini bildirən Fələstinin baş naziri əlavə edib ki, “Moskvada keçiriləcək görüşlərdə HƏMAS-ın Fələstin hakimiyyəti ilə əməkdaşlığa nə dərəcədə ciddi hazır olduğu və bu təşkilat çərçivəsində birləşməyə hazır olduğu aydınlaşacaq”. (Tass)