Yaradıcılıq ruhu olan şəxsə, özündən asılı olmayaraq, ətrafda baş verənləri öz daxilində hiss edərək yaşamaq xüsusiyyəti xasdır. Onu bu və ya digər məqamda narahat edən vəziyyətin və ya halın əl işlərində təsvir edilməsi, bir növ, etirafa bənzəyir. Sözsüz, amma fırçanın hərəkəti ilə… Səssiz, amma boyanın rəngi ilə…
Kamilla Muradova Birinci Qarabağ müharibəsinin şəhidi Zülqəydə Zülqəydəyevin qızıdır, buna görə də, sivilizasiyanı hələ qədim əsrlərdən bəri müşayiət edən insanlıq tarixinin ən amansız səhifələrindən birinə müraciət edilməsi qaçılmaz idi. Bəli, Azərbaycan xalqı işğaldan azad edilmiş torpaqlarda bu gün öz quruculuq işlərinə geri qayıdıb. Lakin dəhşətlərlə dolu olan onilliklərin, xüsusilə yanvar və fevral ayında törədilən cinayətlərin xronikası müstəqil Azərbaycan tarixində bu yurdun qətlə yetirilmiş övladlarının qanı ilə bizim yaddaşımıza əbədi həkk olundu.
– Müharibə ilə bağlı olan nə varsa, hamısı faciədir. Çünki bu, insan həyatlarının məhv edilməsi deməkdir. Çünki bu, dağıntıların baş verməsi deməkdir. Çünki bu, heç vaxt sağalmayan yaralar deməkdir. Azərbaycanlılar üçün yanvar və fevral ayları nə vaxt törədilməsindən asılı olmayaraq, kədərlə bağlı olan iki tarix deməkdir, bu tarixlər ağrı, acı, göz yaşı, hüznlə doludur… Hər ili qış aylarında yaddaşımız bizi yenidən o dəhşətli günlərə qaytarır, o vaxt Vətənimiz uzun illər haqq-ədalətin bərpa edilməsi ümidi ilə yaşadı, keşməkeşli yollardan keçərək, güc-qüvvətini artırdı, müstəqil və qüdrətli dövlət yaratdı və inanmağa davam etdi.
Biz, Birinci Qarabağ müharibəsinin misli-bərabəri görünməyən itki və faciələrindən keçərək, buna nail ola bildik. Bunun üçün qurbanlar verdik, mən öz aləmimdə hər dəfə atamı xatırlayanda, bu barədə bir daha düşünməli oluram. Mənim işlərim ona olan müraciətimdir, onunla özünəməxsus dialoqumdur…
– Onda yanvar ayında təqdim etdiyiniz “Yaddaş. Müharibənin DNT-si” adlı sərginizin bu dialoqun görünən hissəsi olduğunu güman etmək olarmı?
– Bu layihə üzərində mən kifayət qədər çoxdan işləyirdim. Hər dəfə növbəti rəsm üzərində işləyəndə, ümid edirdim ki, layihə artıq başa çatacaq, çünki bu işləri yerinə yetirmək mənim üçün olduqca ağır başa gəlirdi. Mövzu baxımından, onlara çoxlu enerji sərf edirdim, buna görə də, işləri tamamlamaq üçün çox vaxt sərf etmək lazım gəlirdi. Mən bu mövzunu tamamlayaraq təqdim etməyi çox istəyirdim, çünki atam həlak olandan bəri o, mənim şəxsi mövzuma çevrilmişdi. Məni ürəyimin dərinliklərinə qədər titrədirdi. Bu, sonu, nəhayəti olmayan ağrıdır. Çünki onu uzun müddətdir ki, ağır yük kimi qəlbimdə gəzdirirdim, vaxt yetişmişdi, buna görə də, mən bir rəssam kimi, öz ürəyimdən keçən hissləri ifadə edə biləcəyim təsvirləri yaratmaq istəyirdim. Müharibədə atasını itirmiş insanın hisslərini, baş verənlərə, o cümlədən hazırda dünyada alovlanmaqda olan çoxsaylı hərbi münaqişələrə sanki öz başına gəlibmiş kimi, soyuq və laqeyd qala bilməyən yaradıcı insanın hisslərini çatdırmağı arzu edirdim.
– Bəs nə üçün məhz makromolekul? Özü də narla vəhdətdə?
– Nə üçün DNT? Çünki DNT öz formasına, ideyasına, quruluşuna görə diqqəti çox cəlb edir. Dünyamızın düzənini yoluna qoyan bütün informasiya massivinin öhdəsindən gələ bilməyəcəyini dərk etməyə başlayanda, ayrıca bir mövzu seçməli və tədricən ona köklənməli olursan. Mən DNT və nar dənəciklərinin gözlənilmədən maraqlı vəhdətinin yarana biləcəyini düşündüm. Bir dəfə necə oldusa, nar dənələri sap kimi sıraya düzüldü, onların hər biri ayrıca “yaddaş geni”ni təcəssüm etdirirdi, ümumilikdə isə ayrılmaz halda kainatın yaradılışının təsvirini əks etdirirdi. Bu təsvirdə hətta həyatdan köçüb getmiş insanlar da öz nəsillərinin DNT yaddaşına həkk olunurlar.
Buna görə də, bu həyatdan köçüb getmiş insanların ümumiləşdirilmiş obrazını məhz nar vasitəsilə necə təsvir edəcəyimi anladım. Bu qırıq DNT formalarında mən, Uca Yaradan tərəfindən ona verilmiş ən dəyərli neməti gələcək nəsillərin gələcəyi üçün könüllü olaraq qurban verənlərin yarıda qalmış və qırılmış həyatlarını təsvir etmişəm.
– Nar meyvəsində təcəssüm olunan fəlsəfə?
– Əvvəlcə narları mən ancaq zövq üçün çəkməyi sevirdim. Natürmortlar və ya bu meyvənin hər hansı adi təsviri tədricən məni özünə ram etdi, daha sonra isə konseptual ideyaya çevrildi. Mən bu bənzərsiz meyvənin təsvirinə kətan üzərində yeni mənanı necə yükləyəcəyim barədə düşünürdüm, bu görüntünü tamamilə ayrı cür təqdim etmək istəyirdim.
Qarşıma qoyduğum vəzifə, məncə, kifayət qədər mürəkkəb idi. Axı nar bir çoxlarının həvəslə işlədiyi ən sevimli və məşhur meyvələrdən biridir. Onu bir daha maraqlı, fərqli cəhətdən təsvir və təqdim edə bildiyimə ümid edirəm.
– Həm də YARAT Müasir İncəsənət Mərkəzində təqdim edilən qrafik formatda.
– Qrafika gözlənilmədən yarandı. Mənim rəssamlıqda “favoritlərim” kətan və yağlı boyadır. Görəcəyin yeni iş haqqında fikrin doğulması anından, hətta onun süjet təsvirində qeyri-aydın şəkildə təsəvvür edilməsindən bəri, onu təqdim etməyin ən yaxşı yolunu düşünüb tapmağa çalışırsan. Lakin bəzən başa düşürsən ki, sənin fikirlərinin gerçəkləşməsinin ən düzgün variantı məhz qrafikadır. Rəng, həcm, kəskinlik baxımından qrafika daha lakonikdir. Onun bir ayrı emosional təqdim edilmə yolu var. Buna görə, YARAT Müasir İncəsənət Mərkəzinin “Yoxlanıb, mina yoxdur” layihəsi çərçivəsində mənim qrafik əl işlərim də nümayiş etdirilir.
Elə alındı ki, təsviri incəsənətin bu iki növü məni eyni vaxtda cəzb etməyə başladı. Həm də mən qrafikada daha çox işlədikcə, o mənə daha çox maraqlı gəlir. Hətta elə təəssürat yaranır ki, o, get-gedə mənim prioritet seçimlərimin yerini tutmağa başlayır.
– Həm də demək olar ki, monoxrom və əqrəb obrazında. Yeri gəlmişkən, niyə məhz əqrəb?
– Əqrəbin quyruğu öz quruluşuna görə DNT-nin strukturunu xatırladır. Bu, sırf vizual müqayisədir. Lakin, ilk növbədə, belə bir təsviri “gördükdən” bit qədər sonra başa düşdüm ki, əqrəbin mahiyyəti yırtıcıdır. Bəli, təbiət ona başqa seçim imkanı verməyib, amma biz insanlar eyni anda həm xeyirxah, həm aqressiv oluruq, üstəlik, yaşamaq uğrunda mübarizədə biz bu iki cəhətimizin hər birindən faydalanmalı oluruq. Axı tam xeyirxah olmaq özü də insanı tam qurban olmağa sürükləyir, buna görə də, qızıl ortanı – balansı axtarıb tapmağı öyrənmək lazımdır. Hər kəs özü öz məsuliyyətini hiss edərək. Aqressiya isə özlüyündə istiqamətləndirici qüvvə kimi qorxu oyadır, axı onun arxasında qeyri-ixtiyari olaraq özünüməhv dayanır, bu halda müəyyən imtiyazlarla bağlı çoxalan şəxsi mənafe duyğusu başqa insanların həyatından daha vacib əhəmiyyət kəsb etməyə başlayır. Daha doğrusu, dualizm hər zaman seçim imkanı verir.
– Seçimdən söz açılmışkən, rəssamın daha bir köməkçisi var – palitra.
– Rəng palitrası öz-özünə yaranmağa başladı. Mən fırçanı əlimə alırdım, rənglər sanki artıq özləri uyğunluq və qammanı mənə “pıçıldayırdılar”. Bu zaman görülən işə tam mənada köklənmə baş verdiyinə görə, təxminən intuisiya səviyyəsində formanın hamar və oval olmayacağı aydınlaşırdı. Bəlli olurdu ki, burada məhz xətt qırılmaları başlıca rol oynayacaq və tonlar əsasən, tünd qırmızı və qırmızı boyalardan ibarət olacaq. Sarının cansızlığı, bozun laqeydliyi hiss olunacaq. Ancaq heç kim yaşıl çaların barışmaz həyat arzusunu dəyişdirə bilməyəcək.
– Peyzajlar və müharibə…
– Peyzaj işi “Yaddaş. Müharibənin DNT-si” layihəsi üçün ilk işlərdən biri idi: səhra landşaftında tənha dayanan, damı uçub-dağılmış ev. Dam, müharibənin ailələrin təhlükəsizliyini əllərindən aldığına işarə edən semantik mənanı ifadə edir. Həm də təhlükəsizlik kişi obrazı ilə, onun himayəsi, dəstəyi, ailəni müdafiə etməsi ilə assosiasiya olunur. Hər şey qadının zərif çiyinlərinə düşəndə, öyrəşilmiş həyat tərzi çökməyə məruz qalır və qadının çətinliklərin əlindən qaçıb-gizlənməsi çətinləşir. Bu, hərbi əməliyyatlardan sonra geridə nəyin qaldığını göstərmək üçün qəsdən düşünülmüş bir addım idi. Peyzajın gözəlliyi yoxdur. Quşların nəğməsi eşidilmir. Yalnız xarabalıqlar və dağıntılar var. Onlar isə ölüm duyğusu bəxş edir.
“Xarıbülbül” festivalına gələndə, Cəbrayılda və Füzulidə olanda, mən məhz bunu hiss etdim. Rəsm daha əvvəl çəkilsə də, oralarda qarşılaşdığım mənzərə çəkdiyim təsvirlərlə tam uyğun idi.
Atam Füzulidə, Birinci Qarabağ müharibəsində həlak olub. Heç vaxt düşünməzdim ki, tale mənə onun həyat xəttinin qırıldığı yerləri demək olar, üç onillik keçəndən sonra görməyi nəsib edəcək. Atamı itirməyimin mənə verdiyi əzaba və ağrıya baxmayaraq, onun həlak olduğu yerə səfər edəndə həm də böyük qürur hissi keçirdim ki, biz artıq öz doğma torpaqlarımızı azad etmişik, atamın qurban getməsi isə əldə olunan Zəfərin ayrılmaz hissəsidir.
– İtkinin ağrısını yenidən hiss etmək necə duyğudur?
– Özümün o an nə hiss etdiyimi xatırlamağa çalışıram. Qızcığazın, onun həyatında əsas rola malik kişini itirməsi, sözsüz ki, dərin narahatlığına və kədərinə səbəb olmuşdu. Lakin onun etdiyi qəhrəmanlığı biləndən sonra bu kədər fəxarət və qürur hissi ilə əvəzləndi. Üstəlik, onun ancaq mənim yaddaşımda qalması ilə bağlı fikri beynimdən atandan sonra belə bir nəticəyə gəldim ki, hətta bu halı təkrarən yaşamalı olsam da, onun könüllü olaraq qəbul etdiyi qərarla barışmaq lazımdır. Bu sərgidəki işlərimdə, o vaxt baş verənləri dərk etdikdən sonra düşdüyüm vəziyyətin dərinliyi öz əksini tapıb.
Mən yenə əvvəlki kimi, heç vaxt məni tərk etməyən həmin bu vəziyyətə qayıdıram. Vaxt heç nəyi unutdurmur. Yara sanki sağalır və qapanır, amma çətin və mürəkkəb həyat vəziyyətləri zamanı “atam məni qoruyardı, yaxud kömək edərdi” kimi fikirlərə qərq olanda, yaranın qaysağı yenidən qopur və ya təzələnir.
– Yaradıcılıqda müharibə mövzusu…
– Rəssamın kətan üzərində yaratdığı özünəməxsus təsvirlərlə müəyyən dərəcədə bəzi şəxsi psixoloji travmaları müalicə etməyə cəhd etdiyini inkar etmək olmaz. Bəli, bu cəhddir. Sırf intuitiv hərəkətdir. Ancaq ümid edirəm ki, müharibə mövzusuna müraciət etməyim öz məntiqi sonluğuna qovuşdu və şəxsi faciəm də daxil olmaqla, özüm üçün bu ağrıları yenidən düşünməyin müəyyən bir mərhələsini “qapalı elan etdim”. Gələcəkdə yaradıcılığımda artıq başqa motivlər olacaq.
– Hər bir yaradıcı insan özü üçün gələcəklə bağlı hədəflər müəyyən edir…
– Hələ bu barədə düşünmürəm. Bu vəziyyət məni özünə o qədər cəlb edib ki, yəqin bir az nəfəs dərmək, açıq qalan qapıları bağlamaq lazımdır. Bir şeyi dəqiq bilirəm: mən özümü təsviri incəsənətdən kənarda təsəvvür edə bilmirəm, sadəcə bir az vaxt lazımdır… Axı müharibə mövzusu emosional itkilər olmadan mümkün deyil, bu mövzu insanın demək olar ki, bütün gücünü-qüvvəsini israf edir. Ona görə də, özünübərpa üçün müəyyən vaxt tələb olunur.
– Azərbaycan üçün müharibə mövzusu hələ də aktualdır. Sizin üçün isə əbədidir.
– Sərginin açılışından sonra öz-özümlə tək qalanda düşündüm ki, nəhayət hisslərim barədə “danışa bildim” və ruhum bir az da olsa rahat nəfəs aldı. Yaşamış olduğum və o an yaşadığım duyğuları başqaları ilə bölüşə bildim. Gördüm ki, gələnlər mənim onlara ötürmək istədiyim ideya barədə düşünürlər. Hamımızın itkiləri var – bu, bizim tərəfimizdən yox, Yaradan tərəfindən müəyyən edilir.
Biz adi insanlarıq, amma insanda empatiya duyğusu varsa, üstəlik, o, digərinə necə dəstək çıxacağını bilirsə, bu bizi daha yaxşı insan edir. Dahi artist Yevgeni Leonov deyirdi: “Uşaqlar, yaxşı insan olmaq üçün yalnız bir şey lazımdır – yaxşılıq etmək vərdişinə malik olmaq!”
Bu sözlər yenə insanın seçimləri olduğu həqiqətini bir daha yada salır. Məhv etmək də, qurub-yaratmaq da insanın öz seçimidir…Azərtac