Ermənistan Türkiyə ilə dövlət sərhədini istənilən vaxt – bu gün də açmağa hazırdır. Bunu Antalya Diplomatik Forumunda Ermənistan parlamentinin vitse-spikeri, İrəvanın Ankara ilə münasibətlərin normallaşdırılması üzrə xüsusi nümayəndəsi Ruben Rubinyan deyib.
“Heç kimə sirr deyil ki, Ermənistan və Türkiyə arasında münasibətlərdə dərin tarixi kontekst var, lakin Ermənistan Türkiyə ilə münasibətlərin tam normallaşmasına və sərhədlərin açılmasına məhz bu anda, bu gün və sabah da hazırdır”.
Ümumi sərhədə baxmayaraq, Ermənistanla Türkiyə arasında diplomatik əlaqələr yoxdur. 2009-cu ildə Sürixdə iki dövlətin xarici işlər nazirləri diplomatik münasibətlərin qurulması və qarşılıqlı münasibətlərin prinsipləri haqqında protokollar imzalasalar da, bu sənədlər tərəflər tərəfindən ratifikasiya olunmayıb. 2018-ci il martın 1-də Ermənistan protokolların ləğvini elan edib.
2021-ci ildə Ermənistan hökuməti Türkiyə ilə münasibətləri normallaşdırmaq niyyətini açıqladı, Yerevan və Ankara bu iş üçün xüsusi nümayəndələr təyin etdi. 2022-ci ilin iyulunda Vyanada müvafiq olaraq Ermənistan və Türkiyəyə səfər edən üçüncü ölkə vətəndaşlarının Ermənistan-Türkiyə quru sərhədini keçmək imkanlarının təmin edilməsi, habelə yüklərin birbaşa hava daşımalarının həyata keçirilməsi və nəqliyyat vasitələrinin işə salınması barədə razılıq əldə olunub. 2023-cü ilin yanvarında Ankara İrəvana birbaşa hava yüklərinin daşınmasına qoyulan qadağanın aradan qaldırıldığını bildirib. (Tass)