Qətər tərəfdaşları ilə birlikdə Qəzza zolağında atəşkəs və anklavda saxlanılan girovların mübadiləsinə dair İsrail və Fələstinin radikal HƏMAS hərəkatı arasında razılaşma əldə etməyə davam etmək niyyətindədir. Bunu Qətərin baş naziri və xarici işlər naziri Məhəmməd bin Əbdül Rəhman Əl Tani Vaşinqtonda ABŞ dövlət katibi Entoni Blinkenlə danışıqlara başlamazdan əvvəl deyib.
“Qətər, Birləşmiş Ştatlar və tərəfdaşlarımız hər hansı tərəfin sülh səylərinə xələl gətirmək cəhdlərinə baxmayaraq, bu razılaşmanın baş tutmasını təmin etməkdə israrlı olacaqlar. Biz sülh istəyirik. Biz insan iztirablarının sona çatmasını istəyirik, girovların ailələrinə qovuşmasını görmək istəyirlər”, – deyə Məhəmməd bin Abdel Rəhman Əl Tani bildirib.
Martın 4-də Misirin Əl-Ghad telekanalı mənbəyə istinadən bildirib ki, Qəzza zolağında atəşkəsin yaradılması üzrə danışıqlarda tərəflər Qahirədə keçirilən məsləhətləşmələrin ilk günü ərzində “əhəmiyyətli irəliləyiş” əldə ediblər. Telekanalın məlumatına görə, Misir, Qətər, ABŞ və Fələstinin HƏMAS hərəkatının nümayəndələri Misirin paytaxtında danışıqları davam etdirir və bu il martın 11-də başlayan müsəlmanların müqəddəs Ramazan ayı öncəsi hansısa atəşkəs razılaşmasına nail olmağa çalışırlar. Qahirə görüşünün ilk gününün sonuna qədər tərəflərin konkret nəyi razılaşdırdığı hələlik açıqlanmayıb. Martın 3-dən Misirin paytaxtında davam edən bu raundda İsrail nümayəndə heyəti iştirak etmir. (Tass)