BMT-nin Uşaq Fondunun (UNICEF) Azərbaycan nümayəndəliyi Naxçıvan Muxtar Respublikası Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi ilə birgə təlimlərə başlayıb.
AZƏRTAC-ın Naxçıvan bürosu xəbər verir ki, Naxçıvan Muxtar Respublikası Xəstəxanasında təşkil olunan təlimin açılış tədbirində Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Ramilə Seyidova, “Ümidli Gələcək” Sosial Təşəbbüslər İctimai Birliyinin sədri, Yuvenal Ədliyyə Mərkəzinin rəhbəri Kəmalə Aşumova, Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, Yuvenal Ədliyyə Mərkəzinin hüquqşünası, UNICEF-in təlimçi-eksperti Rafiq Alışov, mərkəzin psixoloqu Gülşən Axundova yetkinlik yaşına çatmayanların hüquqlarının müdafiəsi sahəsində, eləcə də “Uşaq hüquqları haqqında” BMT Konvensiyasının müddəalarının tələblərinə uyğun həyata keçirilən dövlət siyasətindən danışıblar. Bildirilib ki, uşaq hüquqlarının müvafiq aspektlərində təlimlərin keçirilməsində məqsəd qazanılan təcrübənin bölüşdürülməsi ilə aidiyyəti qurumların əməkdaşlarının bilik və bacarıqlarının təkmilləşdirilməsidir.
Qeyd edək ki, Naxçıvan Muxtar Respublikası Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin təşkilatçılığı ilə UNICEF-in təyin etdiyi təlimçilər tərəfindən muxtar respublikada təlimlərin 4 proqram əsasında 5 gün ərzində keçirilməsi nəzərdə tutulub.