Bu sözləri AZƏRTAC-ın Naxçıvan bürosuna müsahibəsində BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatı (FAO) Azərbaycan nümayəndəliyinin əməkdaşı Namiq Məmmədov söyləyib.
O deyib: “Artıq bir neçə istiqamət müəyyənləşib, hansı ki, biz o istiqamətlərdə layihələrimizin hazırlanmasını planlaşdırırıq. Bunlardan birincisi “Orqanik Naxçıvan” layihəsinə dəstək verməkdir. Burada əsas məsələ həm mövcud qanunvericilik bazasının təkmilləşdirilməsi, həm də standartların tətbiqi, kadrların hazırlanması ilə əlaqədar tədbirlərin həyata keçirilməsidir. Eyni zamanda, beynəlxalq təcrübənin araşdırılması və təcrübə sayəsində Naxçıvanda bu sahənin inkişafına kömək göstərmək də nəzərdə tutulub. Digər layihələr isə heyvandarlıq və bitkiçilik sahələrini əhatə edəcək. İlin sonunadək yerli və xarici donorlarla layihələrin seçimi, maliyyələşdirilməsi barədə məsləhətləşmələr aparıldıqdan sonra konkret məzmun, büdcə, iş planı təsdiqlənib hökumətə təqdim olunacaq. Hesab edirəm ki, növbəti ildən artıq həmin layihələrin icrasına başlanılacaq”, – deyə Namiq Məmmədov əlavə edib.