Azərbaycanın Koreya Respublikasındakı səfiri Ramin Həsənov İqlim Məsələləri Konfransında BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasının – COP29-a hazırlıq işləri barədə danışıb.
“Report” xəbər verir ki, bu barədə Azərbaycanın Seuldakı səfirliyi, həmçinin diplomatik missiyanın rəhbəri paylaşım edib.
“WWF Koreyanın (Ümumdünya Təbiəti Mühafizə Fondunun Koreya nümayəndəliyi – red.) ev sahibliyi etdiyi İqlim Məsələləri Konfransında Azərbaycanın ekologiya təhlükəsizliyi, dayanıqlı enerji və yaşıl inkişaf siyasəti, o cümlədən işğaldan azad edilmiş ərazilərimizin yaşıl zonaya çevrilməsi, habelə COP29-a hazırlıq işləri barədə çıxış edib”, – məlumatda diqqətə çatdırılıb.
Xatırladaq ki, COP29 bu ilin noyabrında Azərbaycanda keçiriləcək. Konfransda BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasını imzalamış bütün 199 ölkənin nümayəndə heyətlərinin iştirak edəcəyi gözlənilir.