İsrail hakimiyyəti BMT-nin Yaxın Şərqdəki Fələstinli Qaçqınlara Yardım və İşlər üzrə Agentliyinin (UNRWA) humanitar konvoylarının Qəzza zolağının şimalına keçməsinə daha icazə verməyəcək. Bu barədə agentliyin komissarı Filip Lazzarini məlumat verib.
“Gözümüzün önündə baş verən faciəyə baxmayaraq, İsrail hakimiyyəti BMT-ni məlumatlandırıb ki, onlar daha UNRWA-nın hər hansı ərzaq karvanının şimala [Qəzza zolağına] daxil olmasına icazə verməyəcəklər”, – Lazzarini X (keçmiş Twitter) yazıb. O, yəhudi dövlətinin hakimiyyətinin qərarını qəzəbli adlandırıb və bu məhdudiyyətləri aradan qaldırmağa çağırıb.
Bundan əvvəl UNRWA rəhbəri bildirib ki, İsrail təxminən iki aydır agentliyin humanitar konvoylarının Fələstin anklavının şimal bölgələrinə çıxışına icazə vermir.
Yanvarın sonunda Böyük Britaniya, Almaniya və ABŞ da daxil olmaqla bir neçə ölkə Fələstinin HƏMAS radikal hərəkatı ilə əlaqədə şübhəli bilindiyinə görə UNRWA-ya maliyyəni dayandırdıqlarını açıqladı. Lazzarini 2023-cü ilin payızında HƏMAS-ın İsrailə hücumunda əli ola biləcəyi iddia edilən bir neçə əməkdaşın işdən çıxarılmasına göstəriş verib. Agentlik daha sonra İsraili radikal hərəkatla əlaqəyə dair “yalan etiraflar” almaq üçün əsir götürülən işçilərinə işgəncə verməkdə ittiham edib.
(Tass)