Azərbaycan Milli Elmlər Akademiyasının Şəki Regional Elmi Mərkəzinin Gənc Alim və Mütəxəssislər Şurasının və Şəki şəhər İ.Nakam adına Mərkəzi Kitabxananın təşkilatçılığı ilə “Azərbaycan Xalq Cümhuriyyətinin banisi Məhəmməd Əmin Rəsulzadə” adlı elmi seminar keçirilib.
Akademiyadan AZƏRTAC-a bildirilib ki, seminarın əsas məqsədi gənc nəslə Cümhuriyyətin tarixini mənimsətmək, dövlətçilik ənənələrimizlə bağlı maarifləndirmə işini gücləndirmək, onlarda Vətənə məhəbbət, dostluq, birlik, humanistlik, milli-mənəvi və ümumbəşəri dəyərlərə hörmət hisslərini tərbiyə etməkdən ibarətdir.
Seminarda Şəki Dövlət Regional Kollecin tələbələri iştirak ediblər.
Əvvəlcə Ulu Öndər Heydər Əliyevin, Məhəmməd Əmin Rəsulzadənin və şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Tədbiri açan Şəki Şəhər Mərkəzləşdirilmiş Kitabxana Sistemi İ.Nakam adına Mərkəzi Kitabxanasının Xidmət və abonoment şöbəsinin müdiri Dilbər Yaqubova elmi seminarın müştərək təşkilinə görə Şəki Regional Elmi Mərkəzinin rəhbərliyinə təşəkkürünü çatdırıb, tədbirin işinə uğurlar arzulayıb.
Sonra Şəki Regional Elmi Mərkəzinin Tarix, arxeologiya və epiqrafika şöbəsinin rəhbəri Rahim Həsənov çıxış edərək Ulu Öndər Heydər Əliyevin Azərbaycan Xalq Cümhuriyyətinin fəaliyyətinə xüsusi önəm verdiyini, Cümhuriyyətin qurucularını yüksək dəyərləndirdiyini qeyd edib. O, ölkə rəhbərinin Sərəncamı ilə görkəmli ictimai-siyasi xadim M.Ə.Rəsulzadənin 140 illiyinin qeyd edilməsini tariximizin əlamətdar səhifələrinin öyrənilməsi baxımından əhəmiyyətli olduğunu vurğulayıb.
Məruzəçi Cümhuriyyətin yaradılması ilə dövlətçilik ənənələrinin inkişaf etdiyini, bir çox ilklərə imza atıldığını – dövlət rəmzlərinin təsdiq olunduğunu, qadınlara seçki hüququnun verildiyini, Azərbaycan dilində təhsilin təşkil edildiyini və başqa bir çox vacib məsələləri diqqətə çatdırıb.
Daha sonra Şəki Regional Elmi Mərkəzinin Ədəbi-mədəni mühit folklor və etnoqrafiya şöbəsinin kiçik elmi işçisi Tural Adışirinova “Cümhuriyyət dövrü Azərbaycan ədəbiyyatı və Azərbaycan Xalq Cümhuriyyəti qurucularının bədii portretinin ədəbiyyatda əks olunması” mövzusunda məruzə ilə çıxış edib.
Sonda məruzəçilər tələbələrin çoxsaylı suallarını cavablandırıblar.