Belarus Prezidenti Aleksandr Lukaşenko Zimbabve Prezidenti Emmerson Mnanqaqvanı Müstəqillik Günü münasibətilə təbrik edib, onunla tezliklə Belarus torpağında görüşməyi səbirsizliklə gözlədiyini qeyd edib. Bu barədə Belarus liderinin mətbuat xidməti məlumat yayıb.
“Əminəm ki, əvvəllər əldə edilmiş razılaşmaların praktiki icrası və Belarusa gələcək səfərinizin nəticələri bizim strateji tərəfdaşlığımıza və uzunmüddətli perspektivə yönəlmiş səmərəli qarşılıqlı fəaliyyətimizə töhfə verəcək”, – deyə Belarus lideri vurğulayıb.
Lukaşenko qeyd edib ki, 44 il əvvəl Zimbabve müstəmləkə buxovlarını atıb və ölkənin davamlı inkişafının təmin edilməsinə yönəlmiş öz xarici və daxili siyasətini müstəqil şəkildə həyata keçirmək imkanı əldə edib. “Belarus Zimbabve iqtisadiyyatının müxtəlif sahələrində uğurlu dinamik dəyişiklikləri məmnunluqla müşahidə edir”, – təbrikdə deyilir.
Dövlət başçısı ikitərəfli əlaqələrin möhkəmləndirilməsində yüksək səviyyədə səfər mübadiləsinin vacib roluna diqqət çəkib. (Tass)