Birləşmiş Ştatlar Ukraynanın NATO və Avropa İttifaqına inteqrasiyasına sadiq qalır. Bu barədə ABŞ dövlət katibi Antoni Blinken İtaliyanın Kapri adasında Ukraynanın xarici işlər naziri Dmitri Kuleba ilə görüşündən sonra bildirib.
“Bu gün Kapridə xarici işlər naziri Dmitri Kuleba ilə mühüm görüş keçirdim, mən ABŞ-ın Ukraynanın Avro-Atlantik inteqrasiya məqsədlərinə sadiqliyini bir daha təsdiqlədim”, – Blinken sosial şəbəkədəki X səhifəsində yazıb.
Amerika diplomatiyasının rəhbəri Rusiya Federasiyası ilə münaqişədə Ukraynanı dəstəklədiyini də açıqlayıb.
G7 xarici işlər nazirlərinin görüşü çərşənbə günü axşam Neapol körfəzindəki Kapri adasında açılıb və aprelin 19-dək davam edəcək. Nazirlər Yaxın Şərqdəki vəziyyəti və İranın İsrailə hücumundan sonra onun gərginləşməsini, Qəzza zolağındakı vəziyyəti, Rusiya Federasiyası ilə qarşıdurmada Ukraynaya yardımı, o cümlədən Afrika ilə əməkdaşlığın gücləndirilməsini və Hindistanda sabitliyi müzakirə edəcəklər. (Tass)