Şiə Hizbullah partiyasının silahlı qüvvələri 24 saat ərzində bütün 120 kilometrlik sərhəd boyu İsrail ərazisini atəşə tutub və Colan təpələrində bir neçə dəfə hərbi hədəflərə hücum edib.
Al Mayadeen telekanalının məlumatına görə , şiə döyüşçüləri İsrailin şimalındakı sərhəd bölgələrinə rekord sayda – 200-dən çox raket atıblar. Onun məlumatına görə, yeni tipli pilotsuz uçuş aparatları və iri çaplı raketlərdən istifadə edilib.
Günorta saatlarında İsrailin Adamit, Liman, Mitsuva, Roş Hanikra, Hanita, Şlomi və Yaara qəsəbələrində hava hücumu sirenləri səslənib.
Hizbullahın hərbi informasiya xidməti düşmənin Adeser, Cel əl-Deyr, Zarit və Ramiyədəki komandanlıq məntəqələrinə və möhkəmləndirilmiş ərazilərinə hücumların xülasəsində bu barədə məlumat verib. İddialara görə, bu hücumlar nəticəsində İsrail hərbçiləri itki verib, sərhəddə quraşdırılmış texniki avadanlıqlar, o cümlədən radar stansiyaları və videokameralar sıradan çıxıb. (Tass)