Filippin hakimiyyəti Cənubi Çin dənizindəki vəziyyət fonunda dəniz təhlükəsizliyini gücləndirmək üçün Yaponiyadan beş böyük patrul gəmisi almağa qərar verib. Bu barədə NHK telekanalı məlumat yayıb.
Hər birinin uzunluğu təxminən 97 metr olan gəmilər Filippinə 64 milyard yen (413 milyon dollar) başa gələcək. Yaponiya bu məbləğə İnkişafa Rəsmi Yardım proqramı çərçivəsində kredit ayıracaq. Telekanal gəmilərin Filippin Sahil Mühafizəsinin istifadəsinə veriləcəyi zaman çərçivəsini dəqiqləşdirməyib.
Yaponiya indiyədək Filippinə müxtəlif dərəcəli cəmi 12 patrul gəmisi təqdim edib. Filippin Milli Təhlükəsizlik Şurası mayın 13-də Cənubi Çin dənizində patrulların və müşahidələrin artırılması barədə göstəriş verib. (Tass)