Xüsusi təyinatlı polis qüvvələri Azərbaycanla sərhədlərin delimitasiyası işlərinin aparıldığı Ermənistanın Tavuş vilayətinin Kirants kəndinə gedən bütün yolları bağlayıb. Yerli xəbər portallarının real vaxt rejimində göstərdiyi kimi, xüsusi təyinatlılar hətta müxalifət deputatlarını kəndə buraxmırlar.
“Orada xüsusi tədbir keçirilir, bizim göstərişimiz var ki, kəndə yalnız yerli sakinlər buraxılsın”, – deyə Tavuş vilayətinin polis rəisi Artur Mkrtçyan “Ermənistan” müxalifət parlament fraksiyasının rəhbəri Seyran Ohanyana bildirib. Qadağaya baxmayaraq, bir neçə deputat tarlalardan keçərək Kirantsa piyada çata bilib.
Ermənistan Milli Təhlükəsizlik Xidməti (MTX) bildirib ki, onun sərhədçiləri sərhədi mühafizə etməyə hazırlaşır. “MTN-nin Tavuş vilayətinin Kirants kəndindəki sərhəd qoşunları Ermənistan Respublikasının dövlət sərhədinin mühafizəsini öz üzərinə götürmək üçün hazırlıq işləri aparır”, – deyə idarənin açıqlamasında bildirilir.
Kənd sakinləri iddia edirlər ki, Ermənistan hökumətinin təşəbbüsü ilə Azərbaycanla delimitasiya nəticəsində kənddəki bəzi evlər və onu xarici aləmlə birləşdirən körpü də Bakının nəzarətinə keçəcək. Baş nazir Nikol Paşinyan hökumətin iclasında bu məlumatı təkzib etməyib və qeyd edib ki, “ortaya çıxan hər hansı problem Kirants sakinlərinin deyil, hökumətin problemidir”. (Tass)