Türkiyə Rusiya və Ukrayna ilə Qara dəniz hövzəsində ticarət gəmiçiliyinin təhlükəsizliyinin təmin edilməsi ilə bağlı danışıqlar aparır. Türkiyənin xarici işlər naziri Hakan Fidan bildirib ki, o, Ukrayna münaqişəsinin həlli üçün də səy göstərir.
“Tərəflərlə (Rusiya Federasiyası və Ukrayna) Qara dənizdə gəmiçiliyin təhlükəsizliyinin təmin edilməsinə dair razılaşmaların əldə edilməsinə yönəlmiş danışıqlarımız davam edir”, – türkiyəli nazir Türkdilli Ölkələrin Parlament Assambleyasının iclasında deyib. Onun açıqlamalarını “TRT Haber” telekanalı yayıb .
Fidan xatırladıb ki, Türkiyənin səyləri sayəsində 2022-ci ildə Qara Dəniz Taxıl Təşəbbüsü həyata keçirilib və bu, qlobal ərzaq böhranının qarşısını almağa kömək edib. “Türkiyə Ukrayna-Rusiya müharibəsində daha çox qan tökülməsinin qarşısını almaq üçün səylərini davam etdirir. Biz Ukraynanın suverenliyini, müstəqilliyini və ərazi bütövlüyünü tam dəstəkləyirik. Bu kontekstdə biz müxtəlif sahələrdə vasitəçilik missiyalarını həyata keçirməyə davam edirik”. (Tass)