Kiyevin Qərb müttəfiqləri Ukraynaya qoşun yeritməməlidir. Bu fikri Polşanın xarici işlər naziri Radoslav Sikorski London Müdafiə Konfransında çıxışı zamanı deyib.
“Biz [Ukraynada] əsgərlərimizi ora göndərməklə döyüşməməliyik, sadəcə olaraq öz vəzifəsini yerinə yetirən ukraynalıları maliyyə və silahla təmin etməliyik”, – deyə PaP agentliyi polşalı diplomatdan sitat gətirir . Sikorski bundan əvvəl Fransa prezidenti Emmanuel Makronun Qərb ölkələrinin quru qoşunlarının Ukraynaya göndərilməsi təşəbbüsünü yüksək qiymətləndirib və bəyənib.
Fevralın 26-da Makron bildirib ki, belə bir ideya Parisdə 20-yə yaxın Qərb ölkəsinin nümayəndələrinin iştirakı ilə keçirilən görüşdə müzakirə olunub. Onun sözlərinə görə, iştirakçılar bu məsələdə konsensus əldə etməyiblər, lakin gələcəkdə analoji ssenarinin olmasını da istisna etmək olmaz. Prezident Anjey Duda və müdafiə naziri Vladislav Kosiniyak-Kamış da daxil olmaqla Polşanın hakimiyyət orqanları Varşavanın Ukraynaya qoşun göndərmək niyyətində olmadığını dəfələrlə təsdiqləyiblər.
(Tass)