Ukrayna prezidenti Vladimir Zelenski Rusiya ilə atəşkəs razılaşmasının əldə olunması imkanlarını nəzərdən keçirməyəcəyini bildirib.
“Bu gün atəşkəs. Bu, bizim üçün çox təhlükəlidir”, – deyə Zelenski Qazaxıstan, Qırğızıstan və Özbəkistanın media nümayəndələrinə müsahibəsində bildirib. O qeyd edib ki, atəşkəsdən Rusiya qoşunları öz mövqelərini gücləndirmək üçün istifadə edə bilər. Zelenskinin sözlərinə görə, belə bir razılaşma yalnız qoşunlar “sərhəd xəttində” olsaydı, “məntiqli olardı”.
Bundan əvvəl Fransa prezidenti Emmanuel Makron Parisdə Olimpiya Oyunları zamanı bütün mövcud münaqişələrdə atəşkəsə nail olmaq təşəbbüsü ilə çıxış edib. Keçən il hər iki tərəfdən qoşunların yerdəyişməsi və yenidən qruplaşdırılması hüququ olmayan oxşar təklifi Belarus lideri Aleksandr Lukaşenko irəli sürmüşdü. Lakin sonra Kiyevdə bu ideyanı rədd etdilər və dedilər ki, “Ukraynanın öz ərazisi ilə öz qoşunlarını və texnikasını istədiyi kimi köçürmək hüququ var”. (Tass)