Bunu AZƏRTAC-a açıqlamasında AMEA Nəsimi adına Dilçilik İnstitutunun aparıcı elmi işçisi filologiya üzrə fəlsəfə doktoru, dosent Təranə Şükürlü deyib. Onun sözlərinə görə, hökumətin qarşıya qoyduğu əsas məqsədlərdən biri cəmiyyətin bütün sferalarında milliləşmə idi: “Bu, hərtərəfli şəkildə həyata keçirildi, bir tərəfdən bütün idarələrdə kargüzarlıq işi türkləşdirildi, digər tərəfdən respublikanın bir çox yerlərində kişi və qadın məktəbləri açıldı, müxtəlif ixtisaslar üzrə 100-dən çox tələbə Avropaya oxumağa göndərildi. Bölgələrdə pedaqoji kurslar açıldı, Türkiyədən 50-dən çox müəllim dəvət edildi, məktəblərdə milli tarixin tədqiqinə başlanıldı, yeni dərsliklər nəşr edildi, kitabxanalar quruldu”.
Dilçi alim AXC hökumətinin 1918-ci il avqustun 28-də “Birinci və ikinci dərəcə ibtidai məktəblərin, həmçinin orta təhsil müəssisələrinin milliləşdirilməsi haqqında” qərar qəbul etdiyini də vurğulayıb. Qeyd edib ki, 1918-1919-cu illərdə Gəncə müəllimlər seminariyası milliləşdirildi. Bakı, Şəki, Zaqatala, Ağdam və Şuşada müəllimlik kursları açıldı.
“AXC hökumətinin dil sahəsindəki növbəti tədbiri dövlət dilinin orduda tətbiqi ilə əlaqədar idi. 1918-ci il dekabrın 25-də artilleriya generalı Səməd bəy Mehmandarov hərbi nazir təyin olundu və onun dekabrın 27-də imzaladığı ilk əmr orduda dövlət dilinin tənzimlənməsinə aid idi. 1919-cu il fevralın 11-də isə Azərbaycan Milli Ordusunda türk dilində süvari qoşunlarının nizamnaməsinin təsdiqi haqqında qərar qəbul edilib. Bundan əlavə, 1919-cu il martın 21-də AXC Nazirlər Şurasının qərarı ilə ərəb əlifbası islahatı üzrə komissiya yaradılıb”, – deyə alim əlavə edib.
Təranə Şükürlü bildirib ki, AXC parlamentinin 1919-cu il avqustun 21-də keçirilən iclasında Bakı Universitetinin açılması ilə bağlı çıxışlarda dil məsələsinə xüsusi önəm verilib. Universitetin ilk nizamnaməsində yazılıb ki, dərslər bütün fakültələrdə Azərbaycan dilində keçirilməlidir. AXC hökumətinin vacib tədbirlərindən biri milliləşmiş və milli olmayan orta məktəblərdə Azərbaycan tarixi və ədəbiyyatının tədrisi məsələsi idi. Bunun üçün Maarif Nazirliyinin xüsusi komissiyasının xətti ilə 1919-cu ildə “Türk əlifbası”, “Təzə elmi-hesab”, “İkinci il”, “Ədəbiyyat dərsləri” “Yeni məktəb” dərslikləri nəşr olunub.