İranın xarici işlər naziri vəzifəsini icra edən Əli Bağeri Kani və Türkiyənin xarici işlər naziri Hakan Fidan İslam ölkələrini Fələstini birgə dəstəkləməyə və bu istiqamətdə siyasətlərini koordinasiya etməyə çağırıb. Bu barədə iki diplomatın telefon danışığından sonra İran Xarici İşlər Nazirliyinin bəyanatında deyilir.
“İslam ölkələri Fələstin xalqını dəstəkləmək üçün heç bir fürsəti əsirgəməməlidir”, – Baqeri Kani bildirib. O, əlavə edib ki, müsəlman dövlətləri arasında Fələstin məsələsində əməkdaşlıq Qəzza zolağının “məzlum xalqına dəstək üçün mühüm potensial yaradır”. İranlı diplomatın sözlərinə görə, İsrailin Fələstin anklavının cənubundakı Rəfah şəhərində hərbi əməliyyat keçirməsi və “Qəzza əhalisi üçün humanitar yardım daşıyan avtomobillərin və yük maşınlarının hərəkətinə mane olması İsrailin növbəti cinayətidir”.
Türkiyə diplomatiyasının rəhbəri “Fələstin məsələsində İslam ölkələri arasında koordinasiyaya ehtiyac olduğunu vurğulayıb”. O, İranın Qəzza zolağındakı münaqişə ilə bağlı İslam Əməkdaşlıq Təşkilatına üzv ölkələrin xarici işlər nazirlərinin fövqəladə iclasının çağırılması təklifini dəstəkləyib və Tehranın çağırışını “çox dəyərli” adlandırıb. (Tass)