ABŞ Kambocanı geosiyasi strategiyasına daxil etməməli və bu ölkəyə geosiyasi rəqabət meydanı kimi baxmalıdır. Kambocanın AKP agentliyinin verdiyi məlumata görə, bunu Pnompendə rəsmi səfərdə olan ABŞ-ın müdafiə naziri Lloyd Ostini qəbul edən Kamboca Senatının sədri, hakim Kamboca Xalq Partiyasının (KXP) rəhbəri Hun Sen deyib.
Hun Senin sözlərinə görə, Kamboca ABŞ-dan “krallıq öz qaydalarına əsaslanan xarici siyasətini həyata keçirdiyi üçün onu geosiyasi strategiyasına daxil etməməyi və onu geosiyasi rəqabət meydanı hesab etməməyi” xahiş edir. Kamboca parlamentinin yuxarı palatasının rəhbəri Pentaqonun rəhbərinin ikitərəfli münasibətləri yaxşılaşdırmaq niyyətini dəstəklədiyini bildirib və əlavə edib ki, indiyədək tərəflər arasında “qarşılıqlı etimad və məlumat mübadiləsi olmayıb” və bu, “anlaşılmazlığa” səbəb olub. Kambocanın hakim partiyasının rəhbəri qeyd edib ki, ölkələr arasında qarşılıqlı etimadı gücləndirmək üçün iki ölkə arasında müdafiə sektorunda dialoq prioritet olmalıdır.
Ostin təsdiqləyib ki, Birləşmiş Ştatlar “münasibətləri yaxşılaşdırmaq üçün Kamboca ilə işləyəcək”, baxmayaraq ki, ölkələr arasında hələ də bəzi problemlər var. (Tass)