Mərkəzi Asiya dövlətləri təhlükəsizlik məsələləri ilə bağlı problemlərin həllində Avropa İttifaqının dəstəyinə arxalana bilərlər. Bunu Brüsseldə Aİ Xarici İşlər Xidməti rəhbərinin müavini Enrike Mora region ölkələrinin xarici işlər nazirlərinin müavinlərinin iştirakı ilə keçirilən növbəti 11-ci Yüksək Səviyyəli Dialoq (HLD) zamanı deyib.
“Problemlərin və təhlükəsizlik məsələlərinin oxşarlığını qeyd edən Enrike Mora bildirib ki, Mərkəzi Asiya onların həllində Aİ-nin köməyinə ümid etməyə davam edə bilər”, – Qazaxıstan Xarici İşlər Nazirliyinin görüşün yekunlarına dair bəyanatında deyilir.
Mətbuat xidmətinin məlumatına görə, Mora Aİ ilə region arasında əməkdaşlığın mütərəqqi inkişafını və Mərkəzi Asiya və Avropa İttifaqının xarici işlər nazirlərinin 2023-cü ilin oktyabrında keçirilən görüşünün yekunları üzrə qəbul edilmiş əməkdaşlığın dərinləşdirilməsi üzrə yol xəritəsinin artıq icrasına başlanıldığını qeyd edib.
Görüşdə Qazaxıstan xarici işlər nazirinin müavini Roman Vasilenko qeyd edib ki, respublika 2024-cü ilin avqustunda keçiriləcək Mərkəzi Asiya Dövlət Başçılarının 6-cı Məşvərət Görüşünə fəal hazırlaşır. Burada “regional əməkdaşlığın prioritetləri təqdim olunacaq, eyni zamanda diqqət digər məsələlərlə yanaşı, regionun beynəlxalq subyektivliyini gücləndirməyə yönəlib”. (Tass)