Birləşmiş Ştatlar Fələstinin radikal HƏMAS hərəkatından Qəzza zolağında atəşkəslə bağlı təkliflərə hələ ki, cavab almayıb. Bunu jurnalistlər üçün keçirilən növbəti brifinqdə Dövlət Departamentinin mətbuat xidmətinin rəhbəri Metyu Miller təsdiqləyib.
ABŞ-ın xarici siyasət rəsmisi deyib: “Həmasdan rəsmi cavab almamışıq”. Onun sözlərinə görə, Birləşmiş Ştatlar bu məsələdə “bölgədəki tərəfdaşlarla, xüsusən də “HƏMAS-ın siyasi qanadı” ilə danışıqlar aparan Misir hökuməti və Qətər hökuməti ilə” əlaqə saxlayır. “Lakin biz hələ danışıqlar masasında olan təklifə rəsmi cavab almamışıq”, – Miller bildirib.
Misirin “Əl-Qahirə əl-İxbariyyə” telekanalının daha əvvəl verdiyi məlumata görə , HƏMAS hərəkatı yaxın bir neçə gün ərzində öz cavabını təqdim etməyə hazırdır. (Tass)