“Vətən naminə Tavuş” müxalifət hərəkatının lideri arxiyepiskop Baqrat Qalstanyan bildirib ki, nümayişçilər heç yerə getməyəcək və çadırlar quraraq Baqramyan prospektini bağlayacaqlar. Yerli xəbər portalları hadisəni hadisə yerindən yayımlayıb.
“Biz burada qalacağıq, maşınlarımızda qalacağıq və çadırlar quracağıq. Polis Dəmirçyan küçəsini bağlayıb, biz də Baqramyan prospektini bağlayacağıq”, – Qalstanyan tərəfdarlarına deyib.
Daha əvvəl müxalifət hərəkatının parlament yaxınlığındakı yürüşünün yolunu kəsən polisə müraciət edən arxiyepiskop qeyd edib ki, etirazçılar “yorulacaq tip deyillər” və buna görə də polis gecə-gündüz, yağışda,istidə küçələrdə qalmalı olacaq.
Bazar günü müxalifətin bir neçə on minlərlə insanın iştirak etdiyi mitinq keçirilib. Bunun sonunda müxalifət ölkə parlamentinə yürüş edib, polis onların yolunu kəsib. (Tass)