Bu sözləri AZƏRTAC-a açıqlamasında Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin (BMTM) aparıcı məsləhətçisi Mətin Məmmədli söyləyib.
M.Məmmədli bildirib ki, ötən il Misir Prezidenti Əbdülfəttah Əs-Sisinin Azərbaycana, bir neçə gün əvvəl isə dövlətimizin başçısı İlham Əliyevin bu ölkəyə səfəri zamanı müxtəlif sahələr üzrə imzalanan sənədlər bütün istiqamətlərdəki əlaqələrin inkişafına töhfəsini verəcək. “Azərbaycanın xarici siyasətində Misirlə əlaqələr mühüm yer tutur. Azərbaycan və Misir təkcə ikitərəfli formatda deyil, eyni zamanda, çoxtərəfli platformalarda da əməkdaşlıq edir. Buna misal olaraq, İslam Əməkdaşlıq Təşkilatı, Qoşulmama Hərəkatı, BMT və digər beynəlxalq platformalar çərçivəsində hər iki ölkə sıx əlaqələr qurub. Bunun nəticəsidir ki, Misir hər zaman Azərbaycanın maraqlarını nəzər alıb, dövlətimizin mövqeyinə hörmətlə yanaşıb. Ən əsası isə rəsmi Qahirə Azərbaycanın ərazi bütövlüyünə və suverenliyinə daim dəstəyini ifadə edib.
Cənubi Qafqazın lider ölkəsi Azərbaycan ilə Yaxın Şərqin, Afrikanın, ərəb dünyasının aparıcı dövlətlərindən olan Misirin əlaqələri hər iki regionda sülhə, əməkdaşlığa istiqamətlənib. Geostrateji mövqeyinə görə Misir Afrikanın qapısı hesab olunur və yerləşdiyi coğrafiyadakı proseslərə təsir imkanlarına malikdir. Həmçinin Cənubi Qafqazın lider dövləti, strateji əhəmiyyətə malik nəqliyyat-kommunikasiya yollarının keçdiyi ölkəmizlə əməkdaşlıq əlaqələri Misir üçün də önəmlidir”, – deyə ekspert qeyd edib.
Onun sözlərinə görə, İkinci Qarabağ müharibəsindən sonra Azərbaycanın güclənən mövqeyi Misirlə də münasibətlərin xarakterinə müsbət təsir göstərir. Ölkəmiz çoxvektorlu xarici siyasəti sayəsində dünyanın müxtəlif dövlətləri və güc mərkəzləri ilə münasibətlərini inkişaf etdirmək strategiyası həyata keçirir. Bunun nəticəsidir ki, Azərbaycanın Rusiya, Avropa, ABŞ, Çin və ərəb dövlətləri ilə də yüksək səviyyəli əlaqələri mövcuddur.
“Ölkəmiz hər zaman Fələstin-İsrail münaqişəsi ilə bağlı aydın mövqe ortaya qoyub. Bu cür prinsipial yanaşmanı dövlətimizin başçısı Misirdə səfərdə olarkən bir daha xatırlatdı. Yəni, Azərbaycan paytaxtı Şərqi Qüds olan müstəqil Fələstin dövlətinin yaradılmasının tərəfdarıdır. Ölkəmiz münaqişənin iki dövlət prinsipi ilə həllini dəstəkləyir. Prezident İlham Əliyevin Misirdə keçirilən görüşdə verdiyi bəyanat Yaxın Şərqdə sülhün bərqərar olmasına və İslam dünyasının həmrəyliyinə töhfə kimi xarakterizə oluna bilər. Eyni zamanda, bu bəyanat Azərbaycanın müstəqil xarici siyasət yürütməsinin göstəricisidir. Bunun da təməlində ölkəmizin milli maraqları dayanır”, – deyə o əlavə edib.