ABŞ dövlət katibi Antoni Blinken Səudiyyə Ərəbistanının xarici işlər naziri şahzadə Feysəl bin Fərhan Əl Səud ilə telefon danışığı apararaq Qəzza zolağında böhranın həlli və münaqişənin başa çatmasından sonra hərəkətlərin əlaqələndirilməsini müzakirə edib. Bu barədə ABŞ Dövlət Departamentinin mətbuat xidmətinin rəhbəri Metyu Miller məlumat verib.
“Dövlət katibi və xarici işlər naziri Qəzzada sabit atəşkəsə nail olmaq, bütün girovların azad edilməsini təmin etmək və Qəzzada humanitar yardımı artırmaq üçün davam edən səyləri müzakirə edib və münaqişədən sonrakı səyləri koordinasiya edib”, – o, yazılı açıqlamada bildirib.
Miller aydınlaşdırıb ki, Blinken BMT əməkdaşlarının Yəmən husi üsyançıları tərəfindən saxlanılmasından və Qırmızı dənizdə gəmilərə davam edən hücumlardan narahatlığını ifadə edib.
Tərəflər həmçinin Sudanda hərbi əməliyyatların dayandırılması üçün kollektiv tədbirlərin görülməsinin zəruriliyini müzakirə ediblər. (Tass)