Gürcüstanın Bolnisi rayonunda fəaliyyət göstərən “Qafqaz Hüquq və İnteqrasiya Mərkəzi” azərbaycanlı icma tərəfindən yaradılan ilk tədris ocağıdır.
AZƏRTAC xəbər verir ki, 2021-ci ildən Azərbaycan Respublikasının Diasporla iş üzrə Dövlət komitəsinin dəstəyi və layihələri çərçivəsində fəaliyyət göstərən mərkəzdə insanlara müxtəlif dil kursları və ödənişsiz hüquqi xidmətlər göstərilir.
Məlumat üçün qeyd edək ki, Bolnisi Bələdiyyəsində 45 kənd var, onların 36-da azərbaycanlılar yaşayır. Bu günə qədər Bolnisinin otuzdan artıq kəndindən 700 nəfərdən çox müəllim, şagird, tələbə və gənc Mərkəzdə Azərbaycan dili, gürcü dili, ingilis dili və rəsm kurslarından faydalanıblar.
Mərkəzə Hüquqi xidmətlər üzrə müxtəlif yaş qruplarından olan şəxslər müraciət edir. Müraciətlər əsasən mülkü və daşınmaz əmlakla bağlı olur. Eyni zamanda, Gürcüstan vətəndaşlarına mərkəzi icra hakimiyyəti orqanlarına, məhkəmələrə məktub və müraciətlərin yazılması və digər hüquqi yardımlar da göstərilir.
Mərkəzdə Gürcüstan-Azərbaycan dostluğu ilə bağlı tədbirlərin təşkili, milli bayramların keçirilməsi, milli kimliyimizin qorunması istiqamətində hər zaman müxtəlif tipli tədbirlər və görüşlər keçirilir.
Bundan əlavə Mərkəz gənclər üçün müxtəlif təlim və seminarlar təşkil edir, kəndlərdə yaşayan gənclərin maariflənməsi inkişafı istiqamətində hər zaman bütün imkanlarından və resurslarından istifadə edir.
Mərkəz hər zaman ümumi qabiliyyət imtahanı üzrə hazırlaşan abituriyentlərin test hazırlığına dəstək verir.
Burada ingilis dili müəllimi işləyən Rəqsanə Şıxıyeva Azərbaycan Dillər Universitetini bitirib və hazırda təhsilini ADA Universitetində menecment fakültəsində davam etdirir. Eyni zamanda o, Qafqaz Hüquq və İnteqrasiya Mərkəzi və Həsənxocalı kəndindəki “Parlaq Gələcək” icma mərkəzində ingilis dilini tədris edir.
R.Şıxıyeva AZƏRTAC-müsahibəsində deyib ki, aşağı siniflərdə ingilis dilinin öyrənilməsinin uğuru ondadır ki, bu yaşda uşaqlar artıq öz ana dilini bilir və ingilis dilinin öyrənilməsinə xüsusi maraq göstərirlər. Bu yaşda uşaqlar ümumi standartlardan uzaq olur və fikirlərini asanlıqla yeni dildə ifadə edir, xarici dildə ünsiyyətə girməkdə çətinlik çəkmirlər. Mərkəzdə azərbaycanlı uşaqlara gürcü dilini tədris edən Alidə Məmmədəlizadə isə İ. Cavaxişvili Tbilisi Dövlət Universitetinin Marneuli filialını bitirib.
Onun sözlərinə görə, Gürcüstan hökuməti azərbaycanlı vətəndaşların dövlət dilini öyrənməsi və vətəndaş cəmiyyətinə inteqrasiyası üçün müxtəlif layihələr həyata keçirir. “Gürcü dilini bilmədən dövlət qurumlarında işlə təmin olunmaq mümkün deyil. Bu məqsədlə bugünkü gənclərimiz gürcü dilini böyük həvəslə öyrənirlər”- deyə, A. Məmmədəlizadə vurğulayıb.
Bildirilib ki, bu yaxınlarda Bakıda keçirilən I Türk İnteqrasiya Olimpiadasında Qafqaz Hüquq və İnteqrasiya Mərkəzinin yetirməsi Şahrabanu Nənəcanova türk dilinin tarixi, coğrafiyası və ortaq ənənələri nominasiyasında 3-cü yerə layiq görülüb və medalla təltif olunub.