“Zəfər müjdəsi” sərgim ilk dəfə ötən il Bakıda açılıb və bu kolleksiya Azərbaycan Respublikasının 105, Türkiyə Cümhuriyyətinin 100 və Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 100 illiyinə həsr olunub. Sərgi adından da bəlli olduğu kimi, Azərbaycanın 44 günlük Vətən müharibəsində əldə etdiyi şanlı Zəfərimizə ithaf edilib. Sərginin yaranması ilə bağlı ideya uzun illərdir mənim qəlbimdə, hisslərimdə yaşayırdı. Hər bir vətənpərvər azərbaycanlı kimi, mən də bu şanlı Zəfərimizə öz töhfəmi vermək istədim”.Bu fikirləri AZƏRTAC-a müsahibəsində İstanbulda açılan “Zəfər müjdəsi” adlı fərdi sərginin müəllifi, rəssam Eldəniz Babayev ifadə edib.“Sərgi ötən il ilk dəfə Azərbaycan Mədəniyyət Nazirliyi və Azərbaycanda Atatürk Mərkəzi və digər aidiyyətli qurumların rəhbərliyinin dəstəyi ilə 28 May – Respublika Günü ərəfəsində Bakıda açıldı. Burada mənim “Eldəniz Babayev. Zəfər müjdəsi” adlı kitab-kataloqumun təqdimatı da baş tutdu. Sənətşünas Mirzə Talıbovun müəllifli olduğu kitabda 30 illik yaradıcılığımı əks etdirən 80-ə yaxın qrafika janrında yağlı boya ilə işlənən əsərlərim toplanıb. Bakıdakı tədbirdə iştirak edən Türkiyənin Azərbaycandakı səfiri Cahit Bağcı sərginin Türkiyə ictimaiyyətinə də çatdırılmasının vacibliyini vurğulayaraq, bunun üçün lazimi dəstəyi göstərəcəklərini bildirdi”- deyə sənətkar qeyd edib.Türkiyədə təşkil olunacaq sərgi ilə bağlı görüşlərin bu ilin fevral ayında başladığını xatırladan rəssam davam edib: “Azərbaycan Atatürk Mərkəzinin direktoru, akademik Nizami Cəfərovun koordinatorluğu ilə aparılan danışıqlar nəticəsində Azərbaycanın İstanbuldakı Baş konsulluğu və Türkiyədəki səfirliyimizin nəzdindəki Azərbaycan Mədəniyyət Mərkəzinin dəstəyi ilə bu gün əsərlərim İstanbulda sənətsevərlərə təqdim edilir. Səksənə yaxın əsərin nümayiş olunduğu sərginin əsas süjet xəttini Azərbaycan və Türkiyənin istiqlal, azadlıq ideyalarını yaradıcılıqlarında önə çəkmiş şairlərin qrafik portretləri təşkil edir. Bu da ilk növbədə millətin vəhdətini və iki dövlətin heç vaxt enməyəcək bayraqları altında müstəqil həyatını təmsil edir. Əsərlərdə Türkiyənin Azərbaycanın istiqlaliyyəti uğrunda mübarizə aparan yüksək rütbəli hərbçilərinin obrazları, 44 günlük Vətən müharibəsi nəticəsində qazandığımız misilsiz Zəfər, iki qardaş ölkə arasında “Bir millət iki dövlət” kəlamının aktuallığını açıqlayan elementlər təsvir edilib. Bununla yanaşı, burada Azərbaycan və Türkiyənin memarlıq abidələri, məişət zəminində kompozisiyalar, milli adət-ənənələri, bayramları göstərən əsərlər də var. Tədbir üçün xüsusi olaraq kataloq da hazırlanıb”.Rəssam Eldəniz Babayev sərginin İstanbulda açılmasına dəstək göstərən təşkilatlara minnətdarlığını bildirib.