Azərbaycanda dizel yanacağının qiyməti ilə benzinin qiyməti arasındakı fərqin azaldılması məntiqi bir addımdır.Bunu “Report”a açıqlamasında sabiq maliyyə naziri, iqtisad elmləri doktoru, professor Fikrət Yusifov bildirib.Dizel yanacağı ekologiyanı daha çox korlayır. Bu yanacaq növünün qiymətinin benzinin qiymətinə yaxınlaşdırılmasını şərtləndirən bir əsas səbəb də odur ki, son zamanlar ekologiyanı daha çox çirkləndirən dizel yanacağı ilə işləyən avtomobillərin ölkəmizə idxalında artımlar müşahidə olunmaqdadır. Bu isə hökumətin ekoloji təmizliyin təmin edilməsi istiqamətində müəyyən etdiyi kursa uyğun olmayan bir ənənədir və onun aradan qaldırılması şərtdir. Nəzərə alaq ki, dünyanın inkişaf etmiş bəzi ölkələrində dizel yanacağının qiyməti benzinin qiymətindən yüksəkdir. Bu seçimin məqsədi də həmin yanacaq növündən istifadənin həcmini minimuma endirməkdir”,- deyə o qeyd edib.F.Yusifov “Aİ-92” markalı benzinin istehsalı və satışının dünyanın bir çox ölkələrində artıq çoxdan dayandırıldığını diqqətə çatdırıb: “Yəni indi dünyada avtomobillər üçün daha çox “Aİ-95” markalı benzindən istifadə olunur. Azərbaycanda bu markalı benzin istehsal edilmədiyindən, biz onu idxal edirdik. İdxal isə baha başa gəldiyindən həmin benzinin 1 litrinin pərakəndə satış qiyməti 2 manat təşkil edirdi. Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) Heydər Əliyev adına Neft Emalı Zavodunun (NEZ) yenidən qurulması ilə bu markadan olan benzinin yerli xammal hesabına istehsalı onun qiymətini 0,40 manat ucuzlaşdırmağa imkan verdi. Yaxın gələcəkdə Azərbaycanda daha çox avtomobillərin “Aİ-95” benzinindən istifadə edəcəyini nəzərə alsaq, onun qiymətinin 20 % ucuzlaşdırılmasını hökumətin benzinin qiymətlərinin insanlarımızın büdcəsinə uyğunlaşdırılması istiqamətində bir addımı kimi dəyərləndirə bilərik. Müqayisə üçün deyək ki, “Aİ-95” markalı benzinin yeni qiyməti dünyanın əksər ölkələrində və hətta MDB məkanındakı ölkələrin çoxunda həmin markadan olan benzinin qiymətindən çox aşağıdır”.

Xatırladaq ki, Tarif Şurasının son qərarına əsasən iyulun 1-dən “Aİ-92” markalı avtomobil benzininin pərakəndə satış qiyməti 1 litr üçün 0,10 manat artırılaraq 1,10 manat, dizel yanacağının pərakəndə satış qiyməti isə 1 litr üçün 0,20 manat artırılaraq 1 manat olub. İyulun 15-dən isə “Aİ-95” markalı benzinin qiyməti 0,40 manat azalaraq 1,60 manat olacaq.