Cari ilin mayından etibarən Mədəniyyət Nazirliyi və Azərbaycan Teatr Xadimləri İttifaqının “Qonaq teatr” layihəsi uğurla təqdim olunur. Layihənin məqsədi bu il yubiley yaşı tamam olan teatrların (əsasən bölgə teatrlarının) tamaşalarını İttifaqın səhnəsində göstərməklə onların fəaliyyətini işıqlandırmaqdan, yeni yaradıcılıq axtarışlarına şərait yaratmaqdan, milli mədəniyyət məkanında baş verən yaradıcılıq proseslərini fəallaşdırmaqdan ibarətdir. Ötən teatr mövsümündə dörd teatr – Ağdam, Şəki, Mingəçevir və Sumqayıt Dövlət Dram teatrlarının kollektivləri tamaşalarını İttifaqın böyük səhnəsində təqdim ediblər. Yeni mövsümdə isə növbəti dörd teatrın – Qazax və Lənkəran Dövlət Dram teatrlarının, İrəvan Dövlət Azərbaycan Dram Teatrının və Naxçıvan Dövlət Milli Musiqili Dram Teatrının tamaşalarının İttifaqda göstərilməsi nəzərdə tutulub.
Bu barədə AZƏRTAC-a Azərbaycan Teatr Xadimləri İttifaqının məsul katibi Aida Qafarova məlumat verib.
O bildirib ki, sentyabrın son günlərində “Qonaq teatr” layihəsi çərçivəsində Qazax Dövlət Dram Teatrının 85 illiyi münasibətilə “İnan mənə” (Ağalar İdrisoğlu) tamaşası Bakıda təqdim olunub. Sonda Qazax Dövlət Dram Teatrı milli teatr sənətinin inkişafındakı xidmətlərinə görə və 85 illiyi münasibətilə, Xəzər Gəncəli “İnan mənə” tamaşasına verdiyi uğurlu quruluşa görə, Ağalar İdrisoğlu ölkə teatrları ilə uğurlu əməkdaşlığa görə, teatrın aktyoru Aydın Orucov isə 60 illik yubileyi münasibətilə Azərbaycan Teatr Xadimləri İttifaqının Fəxri fərmanı ilə təltif olunublar.
Aida Qafarovanın sözlərinə görə, layihə çərçivəsində növbəti qonaq bu il bərpasının 50 illiyini qeyd edən Lənkəran Teatrı olacaq. Oktyabrın 16-da teatr “Cəmilə” (Çingiz Aytmatov) romantik dramını paytaxt tamaşaçılarına təqdim edəcək. Tamaşanın quruluşçu rejissoru İmran Əli Qurban, quruluşçu rəssamı Tərlan Sadıqov, bəstəkarı Azər Hacıəsgərlidir.
Qeyd edək ki, zəngin tarixi olan Lənkəran Dövlət Dram Teatrı 18 yanvar 1891-ci ildə fəaliyyətə başlayıb. Teatrın ilk tamaşası Nəcəf bəy Vəzirovun “Oddan-alova” (“Yağışdan çıxdıq, yağmura düşdük”) komediyası olub. 1930-cu ildən Hüseyn Ərəblinskinin adını daşıyan Lənkəran Teatrına uzun illər Respublikanın Əməkdar artisti Süleyman Səlimbəyov rəhbərlik edib. 1949-cu ildən Xalq Teatrı kimi fəaliyyət göstərən Lənkəran Teatrı 6 dekabr 1973-cü ildən bərpa olunaraq Dövlət Teatrı kimi fəaliyyətini davam etdirib. Bu tarixdə teatrın səhnəsində Mirzə İbrahimovun “Yaxşı adam” komediyası göstərilib. Həmin vaxtdan Nəcəf bəy Vəzirovun adını daşıyan Lənkəran Dövlət Dram Teatrına Respublikanın Əməkdar incəsənət xadimi Məbud İsmayılzadə (1981-ci ilə qədər) rəhbərlik edib. 1976-cı ildə gənclərin estetik tərbiyəsində səmərəli fəaliyyətinə və Mixail Musiyenkonun “Nəsillər, eşidin” əsərinin tamaşasına görə teatr “Respublika gənclər mükafatı”na layiq görülüb.Repertuarında Azərbaycan və dünya dramaturgiyasının klassik və müasir nümunələrinin yer aldığı Lənkəran Teatrı bu gün də fəaliyyətini davam etdirir, Azərbaycanda və onun hüdudlarından kənarda qastrol səfərlərində olur, bir çox beynəlxalq teatr festivallarda ölkəmizi uğurla təmsil edir.