Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Rəyasət Heyətinin iclasında müzakirə olunan növbəti məsələlərdən biri də Fəlsəfə və Sosiologiya İnstitutunda Türk xalqlarının fəlsəfi fikir tarixi və müasir fəlsəfəsi şöbəsinin yaradılması haqqında olub. Akademiyadan AZƏRTAC-a bildirilib ki, məsələ ilə bağlı çıxış edən AMEA prezidenti akademik İsa Həbibbəyli türk xalqlarının fəlsəfi fikir tarixinin araşdırılmasının əhəmiyyətinə diqqət çəkib. Akademik qeyd edib ki, zəngin elmi-mədəni irsə, fəlsəfi düşüncə tarixinə malik türk xalqlarının fəlsəfi fikir tarixinin araşdırılması, xüsusilə də müasir dövrün tələbləri kontekstində öyrənilməsi türk birliyinin təməl prinsiplərinin formalaşmasında mühüm əhəmiyyətə malikdir. Türk dünyasının keçmişdən günümüzədək mədəni, fəlsəfi irsinin öyrənilməsi, başqa sözlə, ortaq təfəkkürünün, düşüncəsinin tədqiqi vacib amillərdən biridir. Həmçinin türk xalqlarının ayrı-ayrı mütəfəkkirlərinin fəlsəfi fikirlərinin vahid şəkildə formalaşması aktuallıq kəsb edir.AMEA rəhbəri vurğulayıb ki, Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən dövlət siyasətinin mühüm istiqamətlərindən birini ortaq etnik-mədəni dəyərlərə sahib olduğumuz türk ölkələri ilə siyasi, diplomatik, iqtisadi, mədəni, elmi əlaqələrin inkişaf etdirilməsi təşkil edir. Akademik İsa Həbibbəyli bildirib ki, AMEA-nın elmi müəssisələri ilə Beynəlxalq Türk Akademiyası, Türkiyə Elmlər Akademiyası, Atatürk Kültür, Dil və Tarix Yüksək Qurumu, TÜBİTAK və Orta Asiya respublikalarının elmlər akademiyaları arasında elmi əməkdaşlığın genişləndirilməsi, birgə tədqiqatların, digər elmi və elmi-təşkilati tədbirlərin həyata keçirilməsi istiqamətində kompleks addımlar atılır.“Bu kontekstdə zəngin elmi-mədəni irsə, fəlsəfi düşüncə tarixinə malik türk xalqlarının fəlsəfi fikir tarixinin araşdırılması, xüsusilə də müasir dövrün tələbləri kontekstində öyrənilməsi türk birliyinin təməl prinsiplərinin formalaşmasında mühüm əhəmiyyətə malikdir. Türk dünyasının keçmişdən günümüzədək mədəni, fəlsəfi irsinin öyrənilməsi, başqa sözlə, ortaq təfəkkürünün, düşüncəsinin tədqiqi vacib amillərdən biridir. Həmçinin türk xalqlarının ayrı-ayrı mütəfəkkirlərinin fəlsəfi fikirlərinin vahid şəkildə formalaşması aktuallıq kəsb edir. Bu baxımdan AMEA-nın Fəlsəfə və Sosiologiya İnstitutunda daxili imkanlar hesabına Türk xalqlarının fəlsəfi fikir tarixi və müasir fəlsəfəsi şöbəsinin yaradılması zərurəti yaranıb”, – deyə akademik İsa Həbibbəyli vurğulayıb.
İclasda qeyd olunanları nəzərə alaraq, AMEA-nın Fəlsəfə və Sosiologiya İnstitutunda Türk xalqlarının fəlsəfi fikir tarixi və müasir fəlsəfəsi şöbəsinin yaradılması barədə qərar qəbul edilib.