İyulun 16-da Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) akademik Ziya Bünyadov adına Şərqşünaslıq İnstitutunda “Şanxay Əməkdaşlıq Təşkilatının Astana Sammitinin nəticələri kontekstində Azərbaycan – Çin münasibətləri” mövzusunda elmi sessiya keçirilib.İnstitutdan AZƏRTAC-a bildirilib ki, tədbirdə bu elmi müəssisənin direktoru akademik Gövhər Baxşəliyeva çıxış edərək Astanada Zirvə toplantısı çərçivəsində qəbul edilən “Azərbaycan Respublikası ilə Çin Xalq Respublikası arasında strateji tərəfdaşlığın qurulması haqqında Birgə Bəyannamə”nin Azərbaycan üçün böyük əhəmiyyəti olduğunu qeyd edib. Akademik bildirib ki, Azərbaycanın Zirvə toplantısında iştirakı və qəbul edilən Bəyannamə ölkəmizə və Prezident İlham Əliyevə yüksək inam və etimadın göstəricisidir.Bəyannamənin iki ölkə arasında siyasi, iqtisadi, mədəni münasibətlərin inkişafına böyük təkan verəcəyini deyən akademik G.Baxşəliyeva, burada tərəflərin bir-birinin ərazi bütövlüyünə və suverenliyə qarşılıqlı hörmətin və milli, eləcə də regional və qlobal təhlükəsizliyin ən vacib məsələləri ilə bağlı sıx əlaqə və koordinasiya saxlamağa hazır olmalarının qeyd edilməsinin ölkəmiz üçün əhəmiyyətini vurğulayıb.Sənəddə iki ölkə arasında iqtisadi-ticari əlaqələrin davamlı və dinamik inkişafının yüksək qiymətləndirilməsinin, ticarət, sərmayə və mühəndislik layihələri sahəsində qarşılıqlı fəaliyyəti daha da gücləndirmənin zəruriliyinin qeyd edilidyini vurğulayan akademik G.Baxşəliyeva tərəflərin “Bir kəmər, bir yol” çərçivəsində bütün sahələrdə praktiki əməkdaşlığı dərinləşdirməyə hazır olduqlarının, öz ərazilərindən keçən beynəlxalq nəqliyyat dəhlizlərinin təhlükəsizliyinin və fasiləsiz fəaliyyətinin təmin edilməsi məsələlərinin həllində bir-birinin səylərini dəstəkləyəcəklərinin ifadə olunduğunu diqqətə çatdırıb.Akademik G.Baxşəliyeva Çin tərəfinin Azərbaycanın Şanxay Əməkdaşlıq Təşkilatı çərçivəsində əməkdaşlığı gücləndirmək səylərini alqışladığını xüsusi qeyd edib.Elmi sessiyada Asiya-Sakit okean regionu ölkələri şöbəsinin müdiri Zenfira Şıxəlibəyli və şöbənin əməkdaşları mövzuya dair məruzələrlə çıxış ediblər.Sonda məruzələr ətrafında müzakirələr aparılıb.