İspaniyanın Mülki Qvardiyası Almaniyanın hüquq-mühafizə orqanları ilə birgə keçirdiyi əməliyyatda şiə təşkilatı Hizbullaha kamikadze pilotsuz təyyarələrin komponentlərinin göndərilməsində iştirakda şübhəli bilinən şəxsləri saxlayıb. Bu barədə İspaniya polisinin press-relizində deyilir.
Onların məlumatına görə, əməliyyat “Hizbullahın kamikadze pilotsuz uçan aparatların istehsalı üçün əsas komponentlərin əldə edilməsinə cavabdeh olan logistik strukturunda” iştirak edə bilən üç nəfərin İspaniyada, bir nəfər isə Almaniyada saxlanılması ilə başa çatıb. Mülki Qvardiya pilotsuz uçan aparatların yaradılması üçün lazım olan materialların böyük partiyasının şübhəli şəkildə alınmasından xəbər tutandan sonra İber krallığında araşdırmalar başlayıb.
Hüquq-mühafizə orqanlarının dəqiqləşdirdiyi kimi, Hizbullahın bu kanal vasitəsilə aldığı komponentlərdən yarada biləcəyi dronların sayı ilə bağlı dəqiq məlumat yoxdur. Lakin ələ keçirilən sənədlərə əsasən, söhbətin 1 mindən çox drondan getdiyi güman edilir. (Tass)