Sevmək…Nə gözəl səslənir hə? Nə çox insanı dəli-divanə, qatil, iblis edib bu hiss. Nə çox insanı şairə, rəssama çevirib. Sevgidən nə çox nağıl, dastan deyilib, nə çox əsərlər yazılıb. Elə Viktor Hüqonun “Paris Notr-Dam kilsəsi” əsəri də sevgi dastanıdır.
Azərbaycan Dövlət Akademik Musiqili Teatrında bu əsər üzrə hazırlanmış “Paris Notr-Dama ithaf” tamaşasını izlədiyim zalda bir qələbəlik duyulurdu. Möhtəşəm olacağı sanki əvvəlcədən bəlli idi. Mədəniyyət kanalı da tamaşanı canlı yayımladı. Bilet ala bilməyən hər kəs evdən də baxa bilərdi.
Həyatımda ilk dəfə teatrda tamaşa izlədim, qəribə duyğu burulğanına düşmüşdüm. Tanımadığım insanların əhatəsində bir möcüzə dünyasında yaşamalı oldum. Əsər haqqında eşitsəm də, nə kitabını oxumuşdum, nə də filminə baxmışdım. Bir sualı elə hey düşünürdüm: tərifini verməkdə çətinlik çəkdiyimiz sevginin əsas rol oyandığı tamaşa məgər maraqsız ola bilərdi? Hə, hə tərif verməkdə çətinlik çəkdiyimiz. Düz eşitdiniz, dostlar.
Birini iblis, birini mələk edən sevgiyə hansı tərifi vermək olar? O sadəcə bağlılıqdır ya ehtiras? Bəlkə həvəsdir? Yox. Ona tərif verə bilmərəm, sadəcə onu belə ifadə edərdim: sevginin formulu eyni, təsiri hər kəsdə fərqlidir.
Bunun Kvazimodo, Pyer Qrenquar, müqəddəs ata obrazlarını izlədikdən sonra bir daha şahidi oldum. Qrenquar şair, maarifçi, insanları azadlığa qəflətdən oyanmağa səsləyən gəncdir. “Parisdə sakit və yaxşı yaşamaq üçün məzhəkəçi ya da hoqqabaz olmalısan” fikrini inkar edən, sadə insanlarla dialoqlarından Fransanın mövcud problemlərinə şahid olduğumuz obrazdır.
Paris üçün hələ ümid var, çünki Pyer azadlığı vəsf edən, xurafatı pisləyən birisidir. O daxmalarda mütləq Pyer kimi başqaları da doğulacaq. ”İblislərin” hazırladığı dəzgah onlara oxumağa, öyrənməyə kömək edəcək. O, həm də bu qədər düşüncənin, sıxıntının arasında aşiq olmağa bacaran şəxsdir.
Keşiş sevgi, ehtiras hissinin artıq onda olmadığını zənn edir. Deyəsən, sevmək bəzən sevdiyini ölümə sürükləmək, ölümünə göz yummaq, onu iblis adlandırmaq imiş. Sevmək bəzən Tanrıya bağışladığımız ruhumuzun tanrıdan alınması imiş. Sevmək bəzən andı pozmaq, daş olmağı diləmək, özünü günahkar zənn etmək imiş. Biz bunlara keşiş obrazı vasitəsi ilə şahid olduq. Bəs görəsən bunlar həqiqətən sevgi imiş?
Kvazimoda zahirən eybəcər, çirkin görünən obrazdır. Amma öz dilindən də dediyi kimi ətdən, candan olan birisidir. Gözəlliyi ilə göz oxşayan Esmeraldanı sevən, onu hər fürsətdə xilas edən qozbeldir. Yaxşı deyiblər, eşq çadırının qurulduğu yerdə məntiq axtarma. Kvazimoda bu deyimin bir daha doğruluğunu sübut etdi. Sevmək bəzən səni böyüdənə, atalıq edənə belə qarşı çıxmağa güc verən qüvvə imiş. Başqasını sevəni sevməyə, ən əsası qarşılıq gözləmədən, imkansız olduğunu bilə-bilə riskə girməyə, onu xoşbəxt etməyə çalışmaq imiş. Vəziyyətin fərqində olub, təmənnasız nələrsə etmək imiş.
Bu obrazlar hər biri bizə fərqli mesajlar verdi. Düşünürəm, hər şeyə rəğmən sevgi ən ali qüvvə imiş.
Şəkərnaz Şahəli